İntellektual hərəkat yeni mövsümə hazırlaşır

  • Bu gün 00:16
  • 0

Anadilli intellektual hərəkatın 25 illik yubiley ili çərçivəsində müxtəlif miqyaslı layihələr, turnirlər və gənclərin inkişafına yönəlmiş təşəbbüslər həyata keçirilib. 25 illik yol bir tərəfdən zəngin təcrübəni ifadə edirsə, digər tərəfdən yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Son illərdə aparılan sistemli iş, təlim və seminarlar nəticəsində Xəzər İntellektual Gənclər Klubu fəaliyyət istiqamətlərini genişləndirərək gənclərin intellektual və idarəetmə bacarıqlarının inkişafına xüsusi diqqət ayırır. Bunun nəticələrindən biri kimi klubun üç könüllüsü Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olub.

Yeni mövsümdə “Çağırış Kuboku”, yenilənmiş formatda “Peşəkar İntellekt Liqası”, eləcə də “Könüllülərin İntellekt Məktəbi” – KİM proqramının növbəti mövsümü nəzərdə tutulur.

Görülən işlər, yeni mövsüm və qarşıdakı hədəflərlə bağlı Azad Manaflı ilə müsahibəni təqdim edirik.

– Azad bəy, 25 illik tarixi olan anadilli intellektual hərəkat bu gün hansı mərhələdədir?

– İlk növbədə hər kəsi salamlayıram. 25 il sadəcə bir yubiley rəqəmi deyil. Bu, minlərlə gəncin intellektual oyunlarla tanış olduğu, özünü sınadığı, komanda ruhunu, analitik və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirdiyi böyük bir yolun göstəricisidir.

Bu gün qarşımızda duran əsas məqsəd həmin ənənəni qorumaqla yanaşı, onu yeni nəslin maraq və ehtiyaclarına uyğun inkişaf etdirməkdir. İnanırıq ki, ölkənin ən böyük sərvətlərindən biri düşünən, öyrənən, araşdıran və təşəbbüs göstərən gəncləridir. Biz də fəaliyyətimizlə Azərbaycan gəncliyinin intellektual potensialının inkişafına, sağlam rəqabət mühitinin formalaşmasına və gələcəyin savadlı kadrlarının yetişməsinə töhfə verməyə çalışırıq.

– Yeni mövsümdə iştirakçıları hansı yeniliklər gözləyir?

– Bu mövsüm fəaliyyətimizin mərkəzində gənclər və onların inkişafı dayanır. Əsas yeniliklərimizdən biri “Peşəkar İntellekt Liqası”nın formatının yenilənməsidir. Liqa yeni mövsümdən tələbə gənclərin vahid intellekt platforması kimi fəaliyyət göstərəcək.

İstəyirik ki, universitet gəncləri bir-biri ilə tanış olsun, sağlam rəqabət aparsın, komanda qurmağı, sürətli qərar verməyi və fərqli düşüncələrə hörmətlə yanaşmağı öyrənsinlər. Çünki intellektual oyun bizim üçün yalnız yarış deyil, eyni zamanda gəncin öz potensialını kəşf etdiyi inkişaf platformasıdır.

– Könüllülərinizin uğurları da diqqət çəkir. Klub onların inkişafına hansı imkanları yaradır?

– Biz könüllü gənclərimizi gələcəyin mütəxəssisi, layihə rəhbəri və təşəbbüskarı kimi görürük.

Bu səbəbdən gənclərimiz üçün layihələrin idarə olunması, komanda işi, liderlik, kommunikasiya və intellektual inkişaf istiqamətində davamlı təlimlər təşkil edirik. Bu yanaşmanın nəticələrini görmək bizi sevindirir. Klubumuzun üç könüllüsünün Gənclər Fondunun fərdi qrant müsabiqəsində qalib olması buna gözəl nümunədir.

Bu nəticə digər könüllülərimizə də göstərir ki, öyrənmək, çalışmaq və ideyanı düzgün formalaşdırmaq real imkanlara çevrilə bilər. Biz istəyirik ki, gənclər özlərinə inansınlar və ideyalarını həyata keçirməkdən çəkinməsinlər.

– Müəllifi olduğunuz “Könüllülərin İntellekt Məktəbi” – KİM proqramı və “Çağırış Kuboku”nun əsas məqsədi nədir?

– “Könüllülərin İntellekt Məktəbi”nin artıq üçüncü mövsümünə başlayırıq. Proqram çərçivəsində interaktiv təlimlər, seminarlar, mentor görüşləri və praktiki fəaliyyətlər nəzərdə tutulur. Məqsədimiz yalnız intellektual oyunçu deyil, düşünən, məsuliyyət daşıyan, komanda ilə işləməyi və təşəbbüs göstərməyi bacaran gənclər yetişdirməkdir.

Ən sevindirici nəticələrdən biri odur ki, proqramımızın bəzi məzunları artıq müxtəlif təşkilat və şirkətlərdə əmək fəaliyyətinə başlayıblar. Bu, bizim üçün proqramın real nəticəyə çevrildiyini göstərən mühüm göstəricidir.

“Çağırış Kuboku” isə illərin sınağından çıxmış xüsusi layihələrimizdəndir. Layihənin əsas xüsusiyyətlərindən biri I və II kurs tələbələrinə ayrıca inkişaf və rəqabət platformasının yaradılmasıdır. Məqsəd universitet həyatının ilk illərindən gəncləri intellektual mühitə cəlb etmək, onların potensialını üzə çıxarmaq və gələcək inkişafları üçün sağlam zəmin formalaşdırmaqdır.

– Bəs qarşıdakı dövr üçün əsas hədəfiniz nədir?

– Qarşıdakı dövr üçün kifayət qədər böyük planlarımız var. Yeni turnirlər, düşərgələr, təlim proqramları, korporativ intellektual tədbirlər və gəncləri bir araya gətirəcək müxtəlif layihələr üzərində çalışırıq.

Amma bütün bu layihələrin arxasında bir əsas məqsəd dayanır ki, intellektual gənclərin sayını artırmaq.

Azərbaycan gəncliyinin böyük intellektual potensialı var. Bizim vəzifəmiz bu potensial üçün imkanlar və sağlam platformalar yaratmaqdır. 25 illik tariximiz bizə böyük təcrübə qazandırıb. İndi isə həmin təcrübəni yeni nəslin enerjisi ilə birləşdirərək daha böyük hədəflərə doğru irəliləmək zamanıdır. İnanırıq ki, intellektual və innovativ düşünən Azərbaycan gəncliyi ilə birlikdə qarşıdakı illərdə daha böyük uğurlara imza atacağıq.

 

Nə düşünürsən?