Son beş ayda Azərbaycanın ixracı 6,9 milyard dollar olub

  • 30.06.2020
  • 5 baxış
  • 0

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 6,9 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırıb. Xezerxeber.az-ın məlumatına görə, qeyri-neft sektorunun ixracı 721 milyon ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayında qeyd edilib ki, cari ilin ilk 5 ayı ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon, İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib ki, sözügedən dövrdə "Azərkosmos" ASC 19,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Nicat Hacızadə vurğulayıb ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayından etibarən ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. Bu isə xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcminə təsir göstərib. Cari ilin may ayında əcnəbilər bank kartları vasitəsilə 24.3 milyon manat həcmində əməliyyat aparıblar. Ötən ilin mayında isə bu rəqəm 76.6 milyon idi. Nicat Hacızadə əlavə edib ki, pandemiya bütövlükdə qlobal iqtisadiyyata təsir etdiyindən analoji hal dünyanın bir çox ölkəsində müşahidə edilib. Onun sözlərinə görə, bu il bütün dünyada iqtisadi sahədə ciddi irəliləyiş proqnozlaşdırılmır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: