Dünya bazarında neft bahalaşmaqdadır. “Brent” neftinin qiyməti 90 dollara yaxınlaşıb. “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 1.58% artaraq, 1 barelə görə 89.32 dollar təşkil edib. Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti də bahalaşıb. Belə ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,48 dollar və ya 0,52% artaraq 92,87 dollar təşkil edib. Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb. İqtisadçı ekspert Elşad Məmmədov mövcud vəziyyəti şərh edərək bildirib ki, hazirki şəraitdə dünya iqtisadiyyatındakı böhranın dərinləşməsi, siyasi və iqtisadi qeyri-müəyyənliklərin artması neft qiymətlərinə öz təsirlərini göstərməkdədir.
Ekspert hesab edir ki, yaxın aylarda bu istiqamətdə proseslərin, qeyri-müəyyənliklərin artması neft bazarında qiymətlərin qalxmasına öz təsirlərini göstərəcək.