Növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc istiqamətləri nəzərdə tutulub. Əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, səfərbərlik ehtiyatlarının formalaşdırılması xərcləri də layihədə yer alıb. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. O, dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin enməsi kimi bir sıra mühüm faktorların layihə hazırlananda nəzərə alındığını da bildirib. Nazir vergi daxilolmalarının da azalmasının müşahidə olunduğunu söyləyib.
Samir Şərifov qeyd etdi ki, növbəti ilin dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən biri olan müdafiə, milli təhlükəsizlik xərcləri artırılır. Bu vəsait müzəffər ordumuzun daha da peşəkarlaşması, ordunun maddi-texniki təchizatının daha da yaxşılaşdırılması üçün maliyyə təminatının yaradılması üçündür. Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün də maliyyə təminatı yaradılacaq.
Nazir bildirib ki, azad edilmiş ərazilərə Böyük Qayıdışın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur: “Bununla yanaşı azad edilmiş ərazilərdə sosial iqtisadi təminatın yaradılması üçün 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün vəsaitin ayrılması proqnozlaşdırılır”.
Samir Şərifov onu da deyib ki, icbari tibbi sığorta fondunun öz gəlirləri istisna olmaqla, büdcədən vəsait ayrılması da proqnozlaşdırılır: “Cari illə müqayisədə bu vəsait 112 milyon manat çox olacaq. Həmçinin, gələn ilin büdcəsində ölkəmizin buğda ilə özünü təminetmə səviyyəsinin artırılması üçün 60 milyon manat vəsaitin ayrılması da proznozlaşdırılır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, cari ildə neft qaz sektorunda gəlirlərin azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımlar qeydə alınıb.
Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub. O, hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşməsinin müşahidə edildiyini bildirib.
Nazir əlavə edib ki, qeyri-neft sektorunda vergi daxilolmalarının 76 %-i özəl sektorun payına düşür: “Bu, çox vacib məqamdır. Bu nəticələr bizim bir sıra göstəricilərə əsas verir, valyuta ehtiyatlarımızın artımına da müsbət təsir göstərir, Dövlət Neft Fondundan transferə ehtiyac yaranmır”.
Mikayıl Cabbarov azad edilmiş ərazilərdə görülən işlərdən də danışıb. Yeri gəlmişkən o, rezidentlər üçün güzəştlər tətbiq edildiyini, sahibkarlara kreditlərin 90 %-nin dövlət zəmanəti ilə 10 %-lə verilməsinin nəzərdə tutulduğunu bildirib.
Onu da qeyd edək ki, 3 il ərzində, yəni bu ilin sonuna kimi ümumilikdə 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulub.