Neft yenidən bahalaşmağa başlayıb

  • 29.05.2022
  • 0

Dünya bazarında neftin qiyməti yenidən yüksəlməyə başlayıb və martın 9-dan bu yana ilk dəfə olaraq mayın 27-də Brent neftinin barelinin qiyməti 118 dolları keçib. Mayın 28-də səhər saatlarında isə qiymət 119,69 dollara qədər qalxıb.

Uyğun olaraq, bunun fonunda dünya bazarlarında Azərbaycan nefti də bahalaşıb və “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 125,91 dollar olub.

Qiymətlər Amerika Birləşmiş Ştatlarında mayın 28-də başlayan yay avtomobil mövsümü ərəfəsində yaranmış yanacaq təklifi qıtlığı fonunda qalxır. Birləşmiş Ştatların Enerji Nazirliyinin məlumatına görə, bu ölkədə benzin ehtiyatları 2014-cü ildən bu yana ən aşağı mövsüm səviyyəsinə düşüb. Belə ki, ötən həftə Amerikada ticari neft ehtiyatları 1,02 milyon barel azalaraq 419,8 milyon barel olub.

Dünyanın iri maliyyə korporasiyalarından biri UBS-in (Yu-Bi-Es) analitiki Covanni Staunovo düşünür ki, ABŞ-da avtomobil mövsümünün başlaması və səyahətlərə yüksək tələbin olması yaxın perspektivdə qiymətlərə dəstək verəcək. Çünki təklifin artımı tələb artımından geri qalır və neft bazarında kəsir hiss edilir. Staunovonun sözlərinə görə, bu, neft qiymətləri üzrə pozitiv proqnozların qorunmasına imkan yaradacaq.

Hüquqi və fiziki şxəslərə xidmət göstərən qlobal maliyyə korporasiyası «Bank of America»nın (Bənk of Əmerika) analitikləri isə qiymətin barel üzrə 150 dollara qədər qalxa biləcəyini vurğulayırlar. Analitiklər öz arqumentləri sırasına Amerikada yaşanan benzin qıtlığı ilə yanaşı Avropa İttifaqı tərəfindən Rusiya neftinin satışlarına qadağa qoyulmasını da əlavə ediblər. Bu qadağa dünya bazarlarına neft təklifini kəskin azaldıb.

2021-ci ildə Rusiya dünya bazarlarına 225 milyon neft ixrac edib və bunun 54 faizi Avropa bazarlarında satılıb. 31 faiz Çin bazarlarında, 3 faiz Amerika Birləşmiş Ştatlarında, 12 faiz isə digər bazarlarda alıcı tapıb. Yəni ötən il Avropada 121,5 milyon ton Rusiya nefti satılıb. Bu, Avropada satılan neftin təxminən 32 faizinə bərabərdir.

Təbii ki, bu cür kəskin azalma dünya bazarlarında etalon marka Brent neftinin barelinin qiymətini 150 dollara qaldıra bilər. Uyğun olaraq, Azərbaycan nefti barel üzrə 5-10 dollar baha satılacaq və Azərbaycan nefti üçün dünya bazarlarında yeni rekorda imza atacaq.

Hələ ki, Azərbaycan neftinin dünya bazarındakı rekordu 2008-ci ilin iyun ayında qeydə alınıb və 149 dollara bərabər olub. Təbii ki, mərkəzi ofisi ABŞ-ın Delaver ştatında olan qlobal maliyyə korporasiyasının proqnozu çin olarsa, Azərbaycan nefti dünya bazarında yeni qiymət rekorduna imza atacaq.

REAL

Nə düşünürsən?