"Hərbi əsirlərin mübadiləsi Qarabağla bağlı danışıqlar üçün daha əlverişli fon yarada bilər".
"Ermənistan münaqişənin həllini istəyirsə, bu istiqamətdə praktik addımlar atmalıdır".
"Ermənistan təcavüzkarlıq və işğalçılıq siyasəti yürüdərək özü-özünü çıxılmaz vəziyyətə salıb".
Uzun illər Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməklə bağlı xoş niyyət nümayiş etdirməyib və bu da nəticədə Ermənistanın genişmiqyaslı regional əməkdaşlıqdan təcrid olunmasına və ölkədə dərin sosial-siyasi böhrana gətirib çıxarıb.
Xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə müsahibəsində belə deyib. Nazir bildirib ki, hazırda Azərbaycan Ermənistanin yeni rəhbərliyinin sağlam düşüncə nümayiş etdirməsinə ümid edir. Ümid edirik, onlar anlayacaqlar ki, Azərbaycanla münasibətlər tənzimlənmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olunmadan Ermənistanı təcavüzkar və işğal siyasəti yeridərək özünü saldığı dalandan çıxarmaq mümkün deyil. Danışıqlar prosesində aparılan görüşlərlə paralel olaraq Ermənistan tərəfdən birmənalı olmayan, bütün siyasi tənzimləmənin quruluşuna kölgə salan bəyanatlar səsləndirilir. Bu əlbəttə ki, narahatlıq yaradır. İndi danışıqlar prosesini irəli aparmaq üçün Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirməsinə ehtiyac var. Azərbaycan münaqişənin ən qısa zamanda həllində maraqlı olan ölkədir və biz hələ də münaqişənin məhz danışıqlar yolu ilə həllinə ümid edirik. Ermənistan tərəfi də bunda maraqlı olmalıdır. Bütün bu illər ərzində Azərbaycan torpaqlarının ələ keçirilməsi və onların hələ də davam edən işğalı Ermənistan üçün heç bir ciddi dividend qazandırmayıb. Əvəzində yoxsulluğun artmasına, işsizliyə, əhalinin ölkədən xaricə getməsinə və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər, dövlət lideri isə gələcək nəsillər barədə düşünür. Elmar Məmmədyarovun sözlərinə görə, Ermənistan tərəfi münaqişənin həll olmasını istəyirsə, birmənalı şəkildə və artıq maneələr çıxarmadan siyasi iradə və bu istiqamətdə praktik addımlar nümayiş etdirməlidir. Doğma torpaqlarından qovulmuş bu qədər insan olduğu halda qarşılıqlı etimadı necə bərpa edə bilərik?" Etimadın bərpası üçün danışıqlar prosesində real addımlarla və münaqişənin həlli üçün siyasi iradənin nümayişi ilə möhkəmləndirilməmiş, münaqişənin ağır nəticələrinin aradan qaldırılmasına yönəldilməmiş istənilən cəhdlər şübhəsiz ki, uğursuzluqla nəticələnəcək.Ona görə də biz məhz mərhələli həll üzrə hərəkət etməliyik ki, bu da ilk növbədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasına və ardınca məcburi köçkünlərin geri qaytarılmasına xidmət etməlidir. Məhz bu, etimadın qurulması üçün nəzərəçarpan şərtləri formalaşdıracaq. Bir-birinə etimad etmək üçün ən azından daimi təmasda olmaq lazımdır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərk olunmuş yuvalarına dönməyə və regionun erməni icması ilə birlikdə təmasları qaydasına salmağa, etimadı bərpa etməyə və sülhü geri qaytarmağa hazırdır.
Müsahibədə nazir əsirlərin mübadiləsi məsələsinə də toxunub. Azərbaycanın dəfələrlə hər iki tərəfdə saxlanan şəxslərin "hamı hamıya" prinsipinə uyğun mübadiləsini təklif etdiyini xatırladıb.
Saxlanılan şəxslərin və hərbi əsirlərin "hamı hamıya" prinsipinə uyğun olaraq mübadiləsi dünya təcrübəsində qəbul olunur və dəstəklənir. Bu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də dəstəklənir.
Əminik ki, bu, danışıqların gələcək inkişafı və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlığı üçün daha əlverişli emosional fon yarada bilər.




























