Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - “Cəhənnəm"dən sağ çıxsa da, ürəyi partladı

  • 07.12.2019
  • 0

Söhbətin tam ortasından başlamaq istəyirəm. Yunan-roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Əli Sarıyev söhbətləşdiyimiz yerdə, birdən stolu yumuruqlayaraq, hönkür-hönkür ağlamağa başladı. Qəzəbli gözlərindən yaş axır. Bu vəziyyətində sanki demək istəyir: "Bilirsən, niyə ağlayıram? O erməninin heç biri mənim qolumu bükə bilməzdi, yaxınıma da gələ bilməzdi, ancaq bir şapalaqlıq canı olmayanlar səni döyür, təhqir edir, işlədir, buyurur, səninlə məzələnir, xoruz döyüşdürən kimi səni güləşdirib, fit çalır. O vaxt da yanırdım, indi də yanıram…”

Çörək üçün güləş

Xankəndində müvəqqəti saxlama təcridxanası (MST) vardı. Bizi Xankəndinə işləməyə aparmışdılar. Orada bizə küçə süpürtdürür, olanda, başqa işlər də gördürürdülər. Təcridxanada 7 cavan erməni saxlanılırdı. Vahan gəldi, həmin erməniləri türmənin qabağındakı meydança kimi çəmənliyə çıxarıb, üzünü mənə çevirdi. Dedi ki, Əli, burada bir neçə fərari erməni var. Onlarla güləşərsən? Dedim, niyə güləşmirəm. Erməniləri gətirib cərgəyə düzdülər. Vahan soruşdu, bunlardan hansı ilə güləşərsən? Dedim, Vahan, dincəlmədən, dayanmadan 7-si ilə də güləşərəm. Dedi, əgər onların 7-sini də yıxsan, 3 çörək verəcəm. Başladıq güləşməyə. 5 dəqiqəyə ermənilərin 7-nin də kürəyini bir-bir vurdum yerə. Vahan erməni dilində sürücüsünə nəsə dedi, o da gedib 4 dənə çörək alıb gətirdi. (Söhbət zamanı Əli Sarıyev çörəklərin sayından danışanda gözləri işığa gəlirdi. Sanki yenə aclıq içərisində idi və çörəkləri ona verəcəkdilər.) Çörəkləri verdi mənə. Gözümüz işığa gəlmişdi. Uşaqlar hamısı sevindiyindən məni qucaqlayıb öpürdülər ki, sağ ol. O 4 çörək, bizim üçün nə idi... bunu yaşamayanlar anlamaz.

Rus hərbiçinin ölümü

Xankəndi türməsində idik. Sergey Şatoxin adlı rus vardı, biz tərəfdən döyüşərək, əsir düşmüşdü. Bundan əlavə, orada Viktor, Aleksey, Oleq və Vitali adlı rus əsirlər saxlanılırdı. Ermənilər Viktoru döyüb öldürdülər. Sergey mənə dedi ki, Əli, arvadım həkimdir. 15 yaşında da bir oğlum var. Azərbaycan mənə böyük məbləğdə pul verib. O pul ailəmə sonuna qədər bəs edəcək. O qədər erməni öldümüşəm ki, sayını da unutmuşam. Əsirlikdən çıxan kimi bu itləri yenə öldürəcəm.

Türmənin nəzarətçisi avtomatı yerə qoyub, ayaqqabısının ipini bağlayanda, Sergey onun avtomatını götürdü. Həmən atəş açaraq, oradakı ermənilərdən ikisini öldürdü, birini isə yaraladı. Avtomatın darağın dəyişdi, kilidi sındırmaq üçün qapını atəşə tutsa da, güllələr kilidə təsir eləmədi. Ermənilər də çöl tərəfdən qapını atəşə tutmuşdular. Belə olanda, Sergey qaçıb girdi türmənin zirzəmisinə. 4-5 erməni də gəldi, bir xeyli atışma oldu. Gördülər Sergeylə belə bacara bilmirlər, zirzəmiyə qumbara atıb Sergeyi öldürdülər. Bu hadisədən 20 gün sonra Primakov Rusiyanın xarici işlər naziri təyin olundu, əsirlikdəki rusları azad etdirib evlərinə göndərdi.

1994-cü ilin yayı idi. Türmə nəzarətçisi mənə dedi ki, dağda ot çalmağı bacaran bir neçə uşaq götür. İki nəfər seçdim, biri İsmayıllıdan idi, o birinin hansı rayondan olduğu yadımdan çıxıb. Bizi Şuşaya apardılar. Bizi üç nəfərin güclə yerləşdiyi çadıra saldılar, girəcəyə də iri bir it bağladılar. Axşam olanda iti açırdılar, o da düz çadırın qarşısında dayanırdı.

Ertəsi gün tezdən quşların səsinə oyandım. Çadırdan başımı çıxarıb gördüm ki, qarşı tərəfdə meşə var, çay axır, quşlar cəh-cəh vurur. Meşəyə yaxın ərazidə haradasa 100-ə yaxın keçi otlayırdı. Əvvəl elə bildim, onlar vəhşi keçilərdi. Sonra gördüm, yox, bunlar adi keçilərdir. Ermənilərdən o keçilərin kimin olduğunu soruşdum. Cavab verdi ki, kəlbəcərlilərin keçiləridir, vəhşiləşib qalıblar burada. Dedim, ondan vurub gətirim, bişirib yeyək. Dedi, biz keçi əti yemirik. Ancaq avtomatı verdi mənə, bir keçi vurub gətirdim. Keçini çayın içərisində soydum, çayın suyundan töküb, duz əlavə elədim, qoydum qaynamağa… Orada qaldığımız 36 gündə 31 keçi vurub yemişdik.

O ərazilərdə iş görəndə, doğmaları müharibədə ölən ermənilər üstümüzə cumub bizi vururdular. İtkisi olmayanlar isə bizimlə bir qədər sakit davranırdılar.

Ermənistanda qaz və işıq problemi olduğu üçün, bizə daha çox odun doğradırdılar. Hər gün doğradığımız bir neçə maşın odunu İrəvana göndərirdilər.

Şuşada əsirlərə ev sökdürürdülər. Bir erməni vardı, evində yatıbmış. Ev yanmağa başlayanda, bizim uşaqlar evə girib, onu içəridən çıxarmışdılar. Həmin erməni özünə gələndən sonra deyirdi ki, bir də mən türklərin birinə əl vursam, kişi deyiləm. Sonra o da, döyüşlərin birində öldürüldü.

Mingəçevirdən bir əsir vardı. Ağdərədə – Çıldıran döyüşündə yaralanıb, əsir düşmüşdü. Uşağı olmayan yaşlı bir erməni onu götürüb saxlayırdı. Heyf, o oğlanın adını unutmuışam. 1994-cü ilə kimi erməninin evində qaldı. Həmin erməni ilə mingəçevirli oğlan odun yığıb gətirəndə, ermənilərdən biri "Qırmızı Xaç”ın nümayəndələrinə xəbər verib ki, kürəyində odun gətirən şəxs türkdür. "Qırmızı Xaç”ın nümayəndəsi həmin oğlanla maraqlanıb, türk olduğunu dəqiqləşdirdi. Bundan sonra onu erməninin yanından götürüb, gətirdilər bizim kameraya saldılar. Bir az keçmiş onu hansısa erməni ilə dəyişdilər.

Serj Sərkisyanın evi

Mısmana adlı kənddə sonralar Ermənistanın prezidenti olan Serj Sərkisyana ev tikirdik. Çayın düz yanında idi. Ustalığı ermənilər özləri edirdilər, biz də gedib işğal edilmiş kəndlərdəki evlərdən yararlı materialları söküb gətirirdik. Namiq oturub balta ilə ağacı yonurdu. Onun yaxınlığında əlində uzun taxta tutan erməni dayanmışdı. Sən demə, taxtanın uc hissəsindən mismar çıxıbmış. Birdən həmin taxta ilə Namiqin başına vurdu. Gördük, taxta geri qayıtmadı. Baxdıq ki, mismar girib Namiqin başına. Taxtanı Namiqin başından ayıranda, qan fışqırdı… Namiqi apardılar xəstəxanaya, başını sarıdılar. Əsirlikdən çıxdıqdan bir müddət sonra qarşılaşdıq, məni tanımadı. Həmin hadisədən sonra yaddaşını itirmişdi…

Əli Sarıyev deyir ki, ermənilər işğal olunmuş rayonlarda ələ keçən nə varsa, hər şeyi daşıyırdılar. Ermənilərin hərəsinin həyətində bir çaxır çəni vardı, zavodlardakı çənləri də evlərinə daşımışdılar. Axşam işdən sonra içki məclisi düzəldirdilər. İçəndən sonra düşürdülər bizim canımıza, nəfəsləri kəsilənə qədər döyürdülər…

Erməni bayrağına tüpürmək

Bir gün bizi sıraya düzdülər. Döyüşçülərlə mülki əsirləri ayırdılar. Döyüşçülərin sırasında öndə duran bir oğlan vardı. Birinci onu çıxardılar. Əllərində "dubinka” olan iki erməni qabaqda dayanmışdı. Ona dedilər, erməninin bayrağını öp, Azərbaycan bayrağına da tüpür. Ermənistanın bayrağını səliqə ilə asmışdılar, Azərbaycan bayrağını isə əzib yerə atmışdılar. Oğlan dedi, Azərbaycan bayrağına tüpürmərəm. Onu "dubinka” ilə möhkəm döydülər. 10-cu kamerada bir oğlan vardı, yaxşı tanımırdım. O oğlan qaçdı getdi birinci Azərbaycan bayrağının yanına. Bayrağımızı açdı, səliqə ilə yerə sərdi, əyilib öpdü, sonra qalxıb Ermənistanın bayrağına tüpürdü. Sonralar öyrəndim ki, həmin oğlan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi işləmiş İlqar Mehdiyevdir. Onu orada o qədər döydülər ki, ürəyi getdi, aparıb "kars”a saldılar.

Aradan 5-6 ay keçəndən sonra bizi Xankəndinə işlətməyə gətirmişdilər. Mənim adım asan idi deyə, ermənilərin yadında qalırdı. Ermənilərdən biri dedi, Əli, yerlini görmək istəyirsən? Qapını açanda gördüm ki, İlqar oradadır. Onunla salamlaşdım. Dedi ki, Əli, mənə siqaret tap. Ermənidən üç dənə siqaret alıb, İlqara verdim. Ermənidən yalvar-yaxarla bir az çorək alıb, onu da verdim İlqara. Orada bir erməni vardı, o birilərinə baxanda, bizi çox da incitmirdi. Həmin ermənidən xahiş elədim, hər evdən gələndə, cibində çörək gətirirdi, mən də o çörəyi İlqara ötürürdüm. Orada qaldığımız müddətdə İlqara hər gün siqaret və çörək çatdırırdım. Əsirlikdən gələndən sonra getdim onun yanına. Görüşəndə dedi ki, ona nəsə iynə vurublar, bədənində çürümə gedirdi.

Qeyd: İlqar Mehdiyev 1993-cü il avqust ayının 23-də ermənilərə əsir düşüb. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səyi ilə 1996-ci il mayın 10-da əsirlikdən azad olunub. 1997-ci il fevralın 5-də yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişib.

Söhbət zamanı bəzən adlar yaddan çıxır, Əli Sarıyev əlini stola vurub əsəbləşir, durur ayağa, oturur. Hər dəfə də deyir, mənim başıma o qədər "dubinka” dəyib ki, huş qalmayıb, bəzi hadisələr yadımdan çıxır. Başındakı zərbə yerlərini, boynundakı işgəncə izlərini göstərir…

Ermənilərdən biri mənə dedi ki, 3 nəfər götür gedək, Xocalıda kartof əkməyə. Getmədim, Natiqə də dedim, getməsin. Çünki bilirdim ki, qaçmaq planı var. Kəlbəcərdən Mikayıl, Xocalıdan Natiq, Sahil qəsəbəsindən Rafiq getdilər Xocalıda kartof əkməyə. Mikayıl çoban olub deyə, yolları çox yaxşı tanıyırdı. Onlar üstlərində gedən nəzarətçinin əlindən avtomatı alıb, əlin-ayağını bağlayaraq, qaçmışdılar.

Natiq əsirlikdən gələndən sonra danışırdı. Deyir gəlib elə bir yerə çıxıblar ki, oradan 700-800 metrlik taladan keçərək meşəyə girməliymişlər. Axşamın düşməyini gözləyiblər. Axşam olanda, onları yuxu tutub, bu zaman Mikayıl avtomatı götürüb qaçıb. Yuxudan ayılanda, Mikayılın yanlarında olmadığnı görüblər. Natiq deyir, məcburiyyətdən geri qayıtmaq istəyiblər. Yolda ehtiyatsızlıqdan yıxılan Rafiqin ayağı qırılıb. Nəticədə qaçış baş tutmur və hər ikisi ermənilərin əlinə keçir.

Rafiqin ayağını müalicə etmədikləri üçün qırılmış yerə qurd düşmüşdü. Bir azərbycanlı qız vardı. O, imkan olanda Rafiqin ayağındakı yaranı təmizləyirdi. Sonra ayağı kəsiləsi oldu. Hazırda yaşayıb-yaşamadığını bilmirəm.

Əsirlər arasında Attila Yumak adlı türk də vardı. Hamıya deyirdi ki, yun, dəri ticarəti ilə məşğuldur, sərhəddə azıb, əsir düşüb. 7-8 aydan sonra mənə etibar etdi və dedi ki, o, əslində, zabitdir. Ermənilər Atillanı çox incidirdilər, onu hər gün döyürdülər.

Yeni il "hədiyyə”si

Türmədə 30-a qədər donuz saxlayırdılar. Həsən və Kəlbəcərdən Rəhim kişi ilə donuzlara yemək verirdik. Gündəlik 6 qazan kartofu və 1 qazan da süfrədən qayıdan çörəkləri donuzlara yedirdirdik. Hər dəfə kartoflar qaynayanda, onlardan torbaya doldurub, kəndirlə endirirdim, uşaqlar götürüb yeyirdilər. Bu vəziyyət 6 ay davam etdi. 1994-cü il dekabrın 31-də uşaqlar kartofu kəndirlə qaldıranda, nəzarətçilərdən biri görüb, onları yedikləri yerdə tutmuşdu. Əsirlərdən kartofu kimin verdiyini soruşublar. Onlar bunu kimin verdiyini deməyə bilməzdilər, yoxsa, onlara dəhşətli işgəncə verərdilər. Ermənilər məni türmə nəzarətçilərinin yatdıqları otağa apardı. Malyu adlı erməni soruşdu ki, donuzların yeməyini niyə türklərə verirsən? İnkar etdim. O da dəsmala bürüdüyü "dubinka” ilə məni vurmağa başladı. Dedim, hə, mən vermişəm. "Dubinka” ilə başıma bir zərbə də endirdi. Yıxılmadım. Rus dilində söyüş söydü. Dedi, bu niyə yıxılmadı? Dedim, Malyu, ancaq ayaq üstündə məni öldürə bilərsən. Erməni hirsləndi və başladı məni vurmağa. Qışqıraraq deyirdi ki, ağla, mənsə ağlamırdım. Mənə bəlkə də, "dubinka” ilə 100 zərbə endirdi. Ayaqqabısını çıxardı, altındakı mismarla ayağıma vurdu. O zərbədən sonra sol ayağım hələ də işləmir.

Ayağımdan sonra mənə dedi, paltarlarını soyun. Soyundum. Əynimdə təkcə alt paltarı qaldı. Dedi, çıx çölə, uzan qarın üstə. Bədənim keyimişdi. Uzandım qarın üstünə. Nə qədər qaldım, bilmirəm. Təpiklə ayağıma vurdu, məni yerdən qaldırdılar. Oradan məni birbaşa "kars”a saldılar. "Kars”da 3 gün qaldım. Üşüyəndə, qalxıb idman hərəkətləri edirdim. Bədənim qızanda isə oturub yatırdım. Bir gün qapı açıldı. Slavik adlı erməni içəri girib soruşdu ki, Əli, sağsan? Dedim, hə. Qayıtdı ki, buradan hələ sağ çıxan olmayıb. Yeriyə bilmirdim, kameradan sürünərək çıxdım. Yoldaşlarım məni götürüb, kameraya gətirdilər. Qolumu, ayaqlarımı masaj elədilər. Az sonra "Qırmızı Xaç”ın nümayəndələri məni xəstəxanaya apardılar. Ermənilər ayağımı kəsmək istəyəndə, "Qırmızı Xaç”ın nümayəndəsi Pyer buna imkan vermədi. Onun təkidi ilə "Sərhədsiz həkimlər” təşkilatından İvan Qloss adlı yunan həkim ayağımı əməliyyat etdi.

Türmədə bir erməni vardı, ona "bakinets” deyirdilər, bakılı idi. Vahan həmişə məni ermənilərlə güləşdirirdi. Əsir yoldaşlarım şahiddirlər ki, onların hamısını yıxırdım. Erməni mənə dedi, Əli, burada bir kişi tapılmayacaq səni yıxsın? Soruşdum ki, ermənilərin sayı nə qədərdir? Dedi, 4 milyon. Dedim, biz də 5 milyondan çoxuq, 5 dəfə Azərbaycan çempionu olmuşam. Məni yıxan olmayıb. 4 milyonun içində heç tapılmaz. Dedi, ara, kəs səsini, yoxsa, dilini qopararlar.

Ermənilər gecələr içib kameraya gəlirdilər, döyüşən uşaqlara işgəncə verir, onları alçaldan hərəkətlər edirdilər. Cəbrayıl rayonundan Əli adlı yaşlı bir kişi vardı. Həmişə yanında bir cavan oğlan olurdu, adını xatırlamıram. Deyəsən, Əli kişinin bacısı oğlu idi. Əsir düşəndə, əynində yalnız alt paltarı olub. Özü deyirdi ki, polisdir. Əsir düşməzdən əvvəl formasını çıxarıb ki, polis olduğunu bilməsinlər. Ermənilər ən çox 777 saylı briqadadan qorxurdular. O briqadanın adı gələndə, onları doğrudan da, əsməcə tuturdu. Ermənilər Horadiz döyüşündən sonra köçüb getməyə başlamışdılar. Əsasən, Xankəndinə gedirdilər. Müharibə bir az da davam etsəydi, yəqin hamısı qaçacaqdı. Şuşada uzaq başı 15-16 ailə qalmışdı. Onların da hamısı Azərbaycanın müxtəlif rayonlarından köçənlər idi. Bir qadın tez-tez deyirdi ki, Yevlaxda rahat yaşayırdım, Allah bunların evin yıxsın, gül kimi dolanırdıq.

"Qırmızı Xaç”ın qeydiyyatında olmayan əsirlər

"Qırmızı Xaç”ın qeydiyyatında olmayan əsirləri Şuşadakı tank alayında saxlayırdılar. Onlardan 20 nəfərini görmüşdüm. Bizimlə qarşılaşanda, üzlərini o biri tərəfə çevirirdilər. Ancaq mənim onlara baxmağıma qadağa yox idi. Əsirlikdən gələndən sonra İmişlidən bir oğlanın əsirlikdən azad edilməsinə səbəb oldum. Onun adı "Qırmızı Xaç”ın siyahısında yox idi, həmin oğlanı şəklindən tanıdım. Atası onu Gürcüstan ərazisində təhvil aldı. Ermənilər bizim əsirləri işlədir, onları "Qırmızı Xaç”dan gizlədirdilər. Ermənilər deyirdilər, qeydiyyatsız əsirlərin çoxu Spitakda saxlanılır. Əsir götürülmüş azyaşlı qızları isə Livana və ermənilərın yığcam yaşadıqları başqa ölkələrə satırdılar.

Xocalıda bizim uşaqlara kartof əkdirirdilər. Orada işləyəndə, döyüşən bir erməni dedi ki, buradan qəşəng qız uşaqlarını seçib aparırlar satmağa. Balaca oğlan uşaqlarını da təlim düşərgələrinə aparırdılar, guya döyüşməyi öyrədirdilər. Xankəndində hərbi komendantlıqda əcnəbi dillərdə danışan 7-8 nəfər muzdlu döyüşçü görmüşdüm. Onlar bizi görəndə, danışmırdılar. Hərbi komendant Aşot adlı bir erməni idi. Xankəndində uşaq bağçasında bizim bir yaralı zabitimizi saxlayırdılar. Rusdilli idi. Bir dəfə anamın yanında olanda, həmin zabitlə maraqlandım. Anam pıçıltı ilə dedi ki, onu otaqda asmışdılar, meyitini hara apardılarsa, bilinmədi.

İlham adlı bir vətən xaini də vardı. Əsirlikdən qayıdandan sonra onu həbs edib, güllələnmə cəzası kəsdilər, sonra cəzasını ömürlük həbslə dəyişdilər. O, əsirlikdə olan bizim uşaqlara ermənilərdən betər zülm edirdi. Onları həm özü döyürdü, həm də ermənilərə satıb döydürürdü. Erməni dilində yaxşı danışırdı, biz başa düşmürdük. Bizimlə bir yerdə saxlanılan Alekseyi zorlayırdı. Bir gecə onu təpiklə vurub yerə yıxdım. Səhər Slavikə dedi ki, Əli məni vurub. Slavik də "dubinka” ilə 5-6 zərbə vurdu. Ona söz demək mümkün deyildi. Öz yerliləri olan bir neçə nəfəri də döyüb-zorlamışdı. Əsirlərdən ən çox Atilla, Azər, Abuzər və Rafiqi döyüb-incidirdi. Bir dəfə meşədə odun qırırdıq. Türmə nəzarətçisi Muxtar dedi ki, Əli, get İlhamı döy. Dedim, onu döysəm, məni Slavikə satacaq. Qayıtdı ki, mən sənə deyirəm, get onu döy. Gəldim İlhamın yanına, qalxıb işləməyini tələb etdim. Mənə dedi ki, get buradan, başın bədəninə ağırlıq eləməsin. Bilirdim ki, Muxtarın ermənilərin arasında böyük hörməti var. Buna arxayın olub, İlhamı yerə yıxılana qədər döydüm. Uşaqlar qışqırırdılar ki, Əli, öldür onu. İlhamı çox pis döydüm. Ancaq Muxtar Slavikə nə demişdisə, İlhamı döydüyümə görə mənə heç nə demədi.

Uzunluğu 4-5 metr olan yoğun bir ağacı kəsmişdik. O ağacı təxminən 10-15 metr yuxarı qaldırmaq lazım idi. Nəzarətçilər uşaqları vururdular ki, ağacı aparın. 4 nəfər nə qədər cəhd etsə də, ağacı qaldıra bilmədi. Nəzarətçiyə dedim ki, qoy mən aparım. Ancaq razılıq vermədilər. Çox yalvarandan sonra, ağacı iki nəfərin köməyi ilə aparmağa icazə aldım. Kəlbəcərdən hündür bir oğlan var idi, adı yadımdan çıxıb. Ağacı çiynimizə qoydular, o qabaqda, mən də arxada irəliləməyə başladıq. Sonradan bildim ki, Kəlbəcərdən olan əsir hansısa kənd sovetinin sədri olub.

Keçmiş idmançı yoldaşı ilə görüş

1976-77-ci illərdə İrəvanda Bədən Tərbiyəsi İntitutularının çempionatı keçirilirdi. Yığmada 62 kiloqram çəkidə mən yarışırdım. Həmin çempionatda birinci yerə çıxdım. Onların baş məşqçisi mənə dedi ki, gələn ildə gəl, sənə bir sürpriz olacaq. Növbəti il çempionata Kiyevdə yaşayan Nalbandyan adlı ermənini gətirmişdilər. O, dünya çempionu idi. İkimiz də finala çıxdıq. Finalda bərabər vəziyyətdə güləşdik. Görüş dayandırıldı. Hakimlər uzun mübahisədən sonra görüşün heç-heçə bitdiyinə qərar verdilər. Başqa göstəricilər üzrə də nəticələrimiz bərabər idi. Ancaq vaxt məsələsi onun xeyrinə oldu…

Xankəndində nəzarətçi ilə yolun kənarında dayanmışdıq. Yanımızdan bir "Niva” keçdi, maşın bir az gedib, geri qayıtdı. Maşından bir nəfər düşdü. Onu görən kimi güləşçi olduğunu dəqiqləşdirdim. Çünki qulaqları əzik idi. Erməni dilində nə soruşdusa, nəzarətçi dedi ki, türkdür. O adam rus dilində mənə dedi ki, sifətin çox tanış gəlir. Mənim yerimə nəzarətçi cavab verdi ki, keçmişdə güləşçi olub. Harada güləşdiyimi soruşdu. Dedim, sən məni İrəvanda görmüsən. Qayıtdı ki, yadıma düşdü, 62 kiloqram çəkidə güləşirdin. Dedi, indi gedirəm, sabah burada olacaqsan? Nəzarətçi cavab verdi ki, bəli. O adam sabah gəldi, xeyli söhbət elədik. Gedəndə rus dilində dedi ki, biz düşmən olsaq da, səninlə belə bir şəraitdə görüşmək istəməzdim. Maşına oturub getdi. Elə bildim, ürəyimə güllə vurdu. Məni ağlamaq tutdu. Nəzarətçi niyə ağladığımı soruşsa da, ona cavab verə bilmədim, eləcə ağlayırdım…

Xankəndində saxlanılanda, gecələr atamgilin yanında qalmağıma icazə verirdilər. Bir gecə orada olanda, içəri 3 erməni girdi, cavan qızlara sataşmağa başladılar. Birdən Kəlbəcərdən olan cavan bir qız onlara sataşan erməniləri bir-bir götürüb divara çırpırdı. Sonradan bildim ki, pəhləvan imiş. Ermənilər onun əlindən güclə qaçdılar. Ancaq təəssüf ki, o qızın adını xatırlamıram. Əsirlikdə Naxçıvandan bir oğlan da var idi. Ermənilər onu valideynlərinə pulla satmaq üçün Gürcüstana aparmışdılar. O da ayaqyoluna getmək bəhanəsi ilə qaçmışdı. Küçədə rastlaşdığı bir gürcüyə, ermənilərə əsir düşdüyünü və qaçdığını deyib. Gürcü də onu Bakıya gətirmişdi. Oğlanın valideynləri gürcüyə 2 min pul vermişdilər.

Əsirlikdə 1 il 8 ay, 8 gün qalmışam. 1995-ci lin iyunun 8-də azad olunmuşam. Siyahıda 3-cü mənim adım idi. Qohumlarımız azad olunmağımız üçün vasitəçilərə pul vermişdilər, "Qırmızı Xaç”da bu işdə bizə kömək etdilər.

Əsirlikdən çıxdıqdan sonra, baş verənlər barədə danışmaq mənasızdır… Yəqin ki, təsəvvür edirsiniz, xəstəxana və dindirmələr… Bundan sonra isə yeni həyata uyğunlaşmaq…