Küçəyə çıxanlara cərimə tətbiq edilirmi?

  • 01.04.2020
  • 0

Məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib. 

YPX.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır. 

Vətəndaşlara (mənzildən) yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə evdən çıxmalarına icazə verilib.

Evdən çıxmaq zərurəti yarandıqda qoruyucu tibbi vasitələrdən istifadə etsinlər, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlasınlar, mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən digər sənədi, fəaliyyətinə icazə verilmiş təşkilatlarda işləyən şəxslər isə xidməti vəsiqələrini və ya bu faktı təsdiqləyən rəsmi arayışı özləri ilə götürmələri də bildirilmişdi.

Əks təqdirdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər xəbərdarlıq edilərək qeydiyyata alınır və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən haqqında hüquqi məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, görülən bütün tədbirlər hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Nə düşünürsən?