Lavaş satan uşağın şikayətlənməsi, insanlara külli miqdarda pulların hədiyyə edilməsi kimi video çarxlar son günlərdə sosial şəbəkələrdə cəmiyyətin bir qisminin beynini məşqul edir. Əslində bir az araşdırdıqda bu kimi məsələlərin kifayət qədər gündəm olmasına şahid oluruq. Elə sosial şəbəkənin "bataqlıq" deyə adlandırdığımız üzü bizə elə bu anda görünür. Məsələ əslində düşündüyümüzdən də artıq dərin və narahat edicidir. Necə? İzah edək:
"Tik Tok" adlı sosial şəbəkə platformasında Fərid Abdullayev adlı istifadəçi "Lavaş satan uşağa 1000 dollar pul verdim" başlığı altında video çarxı paylaşıb. Video çarxın qurma olub olmaması şüphəli məsələdir, ancaq həmin uşağın daha sonra bu məsələ ilə bağlı təkzib videolarının yayılması, aldadıldığını ifadə edərək çəkilişdən xəbərsiz olduğunu deməsi və onun icazəsi olmadan paylaşılmasına etiraz etməsi daha önəmli haldır. Bu video çarxı hazırlayıb paylaşan Fərid Abdullayev adlı sosial şəbəkə istifadəçisinin 100 mindən artıq izləyicisi olan "Youtube" və 200 mindən artıq izləyicisi olan "Tik Tok" hesablarına nəzər saldıqda isə paylaşımların başlıqları və tərkibləri daha da narahat olmalı olduğumuzu deyir.
Məsələni biraz da dərindən düşünək. Günümüzdə əlinə telefon, tablet alan ancaq hələ danışmağı belə tam bacarmayan balalarımızdan tutmuş həyatlarının keçid dövrünü yaşayan yeniyetmələrimizə qədər hər kəs sosial şəbəkə istifadə edir və haqqında danışdığımız sosial şəbəkə istifadəçisinin hazırladığı video çarxlar xüsusi alqoritmlər vasitəsi ilə onların qarşısına çıxır. Sözügedən video çarxların başlıqlarını, mövzularını uyğun bir formada sizlər üçün qısaca sadalayaq:
"Vorovskoy ****"
*Vosmoy malış*
"******* Bacısı"
Eyni cinslilərlə söhbət (LGBT)
"Avtoşluq"
"Söhbətə çağırma"
"Pridel"
"Telefonu qaqaların əlindən almışam"
"Dvijeniya"
"100 minlik maşın hədiyyə etdim"
" Coin saytından 10 min dollar uddum və hədiyyə edirəm"
"Lavaş satan uşağa 1000 dollar pul verdim"
Baxın, belə.
Düşünün ki, bir uşaq və ya yeniyetmə bərbəzəkli şəkildə hazırlanmış, özündə varlığı əks etdirən, heç bir etik və əxlaqi danışıq normalarına əməl edilməyən və yardım adı altında paylaşılan bu şou xaraxterli video çarxları izləyirlər.
Bir çox milli mənəvi dəyərlərimizin ayaqlar altına alındığı bu video çarxlar Ümumilli Liderimizin "Gənclər bizim gələcəyimizdir" ifadəsində ucaltdığı gəncləri hara aparır?! Cəmiyyətimizin ən həssas üzvləri olan uşaqlar, yeniyetmələr dərk etmədən, başa düşmədən kiminsə "Qaqa Show" adlandırdığı bu "Sosial şəbəkə Bataqlığına" niyə batmalıdırlar? Biz hara baxırıq? Yetkinlər, ailə böyükləri, aidiyyatı ictimai birliklər və qurumlar niyə müdaxilə etmirlər?
"Lavaş satan" deyə adlandırdıqları uşaq: məktəbə gedirəm, silin o videonu - deyərək niyə məyus olmalıdır?
Məşhur filmdə deyildiyi kimi: Kimdir müqəssir?