Təhlükəli ötmə əməliyyatı etdi

  • 04.01.2020
  • 0

Keçən həftə, Almaniya şəhərlərindən Bavariyanın Passau rayonunun Məhkəməsində, Çexiya qeydiyyat nişanlı yük avtomobili sürücüsünə ötən il həddən artıq təhlükəli ötmə əməliyyatı etdiyi üçün hökm oxunub. 

YPX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, yük maşını sürücüsü həbs cəzasına məhkum edilib və əlavə olaraq uzun müddət nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

Belə ki, 22 yanvar 2019-cu il tarixində Almaniyanın Freyung şəhəri yaxınlığında B12 federal yolunda hərəkətdə olan, Çexiya qeydiyyat nişanlı yük avtomobili sürücüsü başqa bir yük avtomobilini ötmə əməliyyatı edərkən avtobusla baş-başa toqquşmaqdan möcüzəvi şəkildə qurtulub.

Ola bilərdi ki, yük avtomobilinin sürücüsü layiqli cəzanı almasın. Lakin onun bu təhlükəli manevrini başqa bir sürücü video qeydə alıb və sonradan “Facebook” səhifəsində yerləşdirib. Nəticədə, hadisədən bir neçə gün sonra polis digər yol istifadəçilərini riskə atan bu sürücünü tapıb.

Yük avtomobili sürücüsünün ehtiyatsızlığı ilə bağlı video yayımlandıqdan sonra o, işlədiyi şirkətdən qovulub və bir müddət sonra Bavaria prokurorluğu onun tutulması üçün qərar verib. Beləliklə o, Çexiya Respublikasında məhkəməyə qədər həbs edilib. 

Əvvəlcə prokurorluq onu qətl cəhdində ittiham edilməsini tələb etsə də, məhkum bu formada ittiham aktını qəbul etməyib.

Nəticədə prokurorluq, təhlükəli yol hərəkəti vəziyyətini yaratdığına görə çexiyalı yük avtomobili sürücüsünə 3 il həbs cəzası tələb edib. Öz növbəsində müdafiə tərəfi, təqsirləndirilən şəxsə şərti cəza verilməsi üçün mübarizə aparıb. Nəticədə məhkəmə ona 2 il 3 ay həbs və 4 il sürücülük hüququndan məhrum edilmə cəzaları verib.

Qeyd edək ki, videonu təhlil edən yol hərəkəti təhlükəsizliyi mütəxəssisləri, hadisə baş verən zaman nəqliyyat vasitələri arasındakı məsafənin 30-40 sm-dən çox olmadığını bildiriblər.

Nə düşünürsən?