Nazir müavini: "Ölkədə internetin sürəti zəif deyil"

  • 06.11.2019
  • 0

Azərbaycanda kibertəhlükəsizliklə bağlı Milli Strategiya hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bəzi şəxslər kiber imkanlardan qurumlara və insanlara qarşı hücumların həyata keçirilməsi üçün istifadə edirlər. Bu səbəbdən də ölkədə kibertəhlükəsizlik prioritet məsələlərdən biridir. İnsanların fərdi məlumatlarının və bank kartları kimi məlumatların ələ keçirilməsinin qarşısını almaq məqsədi ilə Milli Strategiya hazırlanıb.

Nazir müavini ölkədə internetin sürətinin aşağı olması barədə iradlara da münasibət bildirib. O qeyd edib ki, hazırda ölkədə ən qabaqcıl internet texnologiyaları tətbiq olunur. İnternetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır.

Elmir Vəlizadə deyib ki, şikayət edənlər aşağı sürətli internetdən istifadə edənlərdir. Yüksək sürətli internetdən istifadə edənlərlə bağlı heç bir problem yoxdur.

Elmir Vəlizadə müəyyən ərazilərdə mobil telefon istifadəçilərinin üzləşdiyi çətinliklərə də münasibət bildirib. O, mobil şəbəkə istifadəçilərini üzləşdikləri problemlərlə bağlı nazirliyə müraciət etməyə çağırıb.

Nə düşünürsən?