Quba və Qusarda ağacları kütləvi şəkildə qıran dəstənin üzvləri saxlanılıblar

  • 08.10.2019
  • 0

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə respublikanın meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçiriblər.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Həmin ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.


Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin rayonların meşə massivlərində ağacların kütləvi şəkildə qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.


Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağacların oduncaqları aşkarlanıb. Təyin edilmiş ekspertiza nəticəsində müəyyənləşib ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağandır.


Saxlanılan şəxslər barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.


Qeyd edək ki, Quba və Qusar rayonları ilə yanaşı, respublikanın digər ərazilərində də meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən birgə tədbirlər davam etdirilir. Meşə sahələrində qanunsuz şəkildə ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, belə əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Nə düşünürsən?