Millət vəkili: “Dərmanlar bahadır, dövlət əlavə vəsait ayırmalıdır”

  • 19.09.2019
  • 0

Onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılması gündəmə gətirilib. 

APA TV-nin məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev belə bir təklif səsləndirib. Əlavə edib ki, xəstələrin sayı ilbəil artır: “2019-cu ildə onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb. Hökumətə müraciət edək ki, onkoloji xəstələrlə bağlı ayrılan maliyyə vəsaiti artırılsın. Müasir dərman vasitələri çox bahadır. Buna görə də dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac var”.

Analar və uşaqlar arasında qan azlığı, anemiyanın artdığına da diqqət çəkən Musa Quliyev deyib ki, hamilələr arasında bu göstərici 40 faiz, uşaqlar arasında 28-30 faizdir və  bu, çox ciddi rəqəmlərdir.

Millət vəkili Qənirə Paşayeva gənclər arasında skolioz xəstəliyinin (onurğa sütununun əyriliyi) artmasından da narahatlığını dilə gətirib.

Q. Paşayeva qeyd edib ki, qanun qəbul edilsə də, ictimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılmır: “Milli Məclisin komitəsi ilə müvafiq qurumlar birgə dinləmə keçirməli və məsələnin həlli yolları müzakirə olunmalıdır”.

Nə düşünürsən?