Bakıda dəmir yolu keçidinin altından avtomobil tuneli tikilir

  • 28.08.2019
  • 0

Sabunçu rayonu ərazisində yeni avtomobil tuneli inşa edilir.

Xezerxeber.az-ın məlumatına görə, təhlükəsizliyi tam təmin etmək üçün dəmiryolu keçidinin altından nəqliyyat vasitələri üçün tunel inşa edilir.

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri çərçivəsində Sabunçu rayonunda, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi eyni səviyyəli avtomobil yolu ilə dəmir yolları bir-birindən ayrılacaq.

Artıq sözügedən keçidin ətrafındakı yollarda nəqliyyatın hərəkəti dayandırılıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əraziyə ağır texnikalar gətirilib və layihəyə uyğun olaraq işlər görülür.

Qeyd edək ki, Sabunçu qəsəbəsindən üzü Bakıxanov qəsəbəsinə gedən şəxslər üçün ərazidə alternativ yol da çəkilib. Keçidin üstü sentyabrın 15-ə qədər hazır olacaq. Bundan sonra nəqliyyat vasitələri üçün yol açılacaq. Amma bu müddətə qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri tövsiyə edilir. Həmin ərazidə yeni avtomobil tunelinin inşası gələn ilin əvvəlində yekunlaşacaq. Tunel istifadəyə verildikdən sonra avtomobillər dəmir yolu xəttini keçmədən rahat şəkildə öz yollarına davam edə biləcəklər.

Nə düşünürsən?