Bakının dondan dona girən dilənçiləri: onlar kimdir?

  • 19.08.2019
  • 0

Onlar əsasən qaş qaralanda - metro çıxışlarında, yol ayrıcları, yaxud işıqforların yanında peyda olur. Avtomobillərin üstünə atılaraq, “bir nəzir ver” deyib, min dil tökürlər. Hətta hansısa filmin və ya tamaşanın ən dramatik anında təcrübəli aktyorların belə bacara bilmədiyi “ağlamağın” öhdəsindən ustalıqla gəlirlər. Söhbət paytaxtın müxtəlif ərazilərində “bazar quran” dilənçilərdən gedir. 

Axşam saatlarında müxtəlif ərazilərə sadəcə baş çəkdik. Onların kameralara xüsusi aqressiyasının olduğunu bilirdik. Buna görə də əvvəlcə kəşfiyyat xarakterli addımlar atdıq. Gəlişimizdən xəbərsiz olanlar varı idi.

Lakin çox gizlənə bilmədik. Dilənçilərin əks-kəşfiyyatı ərazidəki mövcudluğumuzu aşkar etdi. Və... Pərən-pərən düşən kim, bir göz qırpımında təğyiri-libas olan kim...

Kameramızın qarşısında spontan alınan bu səhnədə baş verənlər dediyim kimi - daha maraqlı vəziyyətlər almağa başladı. Bayaqdan əlində əsa, ötüb-keçənlərdən pul dilənən gördüyünüz bu şəxs kameranı sezən kimi dönüb “başqa adam” oldu.

Artıq onlarla gizlənqaç oynamağın mənasız olduğunu anladıq və 28 May metrostansiyası yaxınlığında işimizə başladıq. Əvvəlcə şəhər sakinlərinin fikrini öyrəndik: “Əslində pis baxıram. Çoxu ehtiyacı olduğu üçün burda dilənmir. Elə dilənçilər var ki, baxsanız, şəraiti hamıdan yaxşı səviyyədədir. Həm vaxt alır, həm də insanları narahat edirlər. Lazımsız anlarda yaxınlaşırlar. Ona görə də, onlarla qarşılaşmaq heç xoş olmur. Düzdür, ehtiyacı olanlar da var.  Onlara köməklik insanlıq borcudur. Amma sırf ehtiyacı olmadan dilənənlərlə qarşılaşmaq xoş deyil”.

“Məndə elə də narazılıq yaratmırlar. Amma  şəhərin görkəmini pozurlar. 28 May şəhərin mərkəzi yerlərindən biridir. Daha çox turistlərin toplaşdığı yerlərdəndir. Amma onların fəaliyyətini elə də normal qarşılamıram”.

“Dilənçilər çoxdur. Çox pis münasibət bəsləyirəm. Onlar işə düzəlməli, köməkçi işləməlidir. Həyət süpürüb, pul qazanmalıdırlar. Hamısı yalandan deyir ki, biz qaçqınıq. Yalan deyirlər”.

“Məndə şəxsən heç bir narazılıq yoxdur. Dilənçilər olub, həmişə var, olacaq da. Əlbəttə ki, olmasa daha yaxşı olar. Belə şeyə şəriət də icazə vermir”.

“Sadəcə uşaqları insanların arxasınca göndərirlər ki, pul istəyin, dilənin. Burda çox adam görmüşəm ki, dilənçilik edir. Elə iki gün öncə burda gördüm ki, biri bizim kimi paltarda metronun alt hissəsinə girir, paltarını dəyişir, sonra gəlir oturur burda, qucağında uşaq, başlayır dilənməyə. Bir dəfə yaxınlaşıb irad bildirmişəm,  başlayıblar söyməyə. Belə insanların olmaması daha yaxşıdır. Bu, acınacaqlı vəziyyətdir. Gələn turistlərin belə vəziyyəti görməsi isə daha acınacaqlıdır”.

“Biri var çölə çıxıb, ehtiyacdan pul alırsan, biri də var insanları aldadaraq, dələduzluq edərək dilənirsən. Bu insanlara narahatlıq yaratmaqdır”.

Yolların kənarında görməyə adət etdiyimiz qaraçılar görülən tədbirlərə baxmayaraq, yenə də küçələrdən yığışmır. Məzlum görkəmdə insanları narahat edərək, “nəzir” yığırlar.

Statistik nəticələrə görə, onların əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır. Hətta hərbi xidmətdən yayınanlar da var.

Qarşılaşdığımız bu “gənclər” də yollarda maşınların önünü kəsərək, yalvar-yaxarla pul alanlardır. Təhsildən, hansısa peşədən kənar bu şəxslər çəkiliş zamanı bizə küçə söyüşləri söyməkdən belə çəkinmədilər: “Bu tip insanlarIn kriminal meylliliyi də müşahidə olunur. Onlar “fəaliyyətlərinə mane olan” istənilən şəxsə qarşı kobud, aqressiv davranışla diqqət çəkir. Ümumiyyətlə, mütəşəkkil dəstə şəklində çalışan və hərəkət edən dilənçilər insanların xeyirxahlığından və etibarından sui-istifadə edərək böyük məbləğdə pullar qazanır”.

Yeri gəlmişkən... Bakı Şəhər Baş Polis İdarəsi dilənçilərlə bağlı əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda vurğulanır ki, əmək qabiliyyətli, ancaq işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə - nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakı müşahidə olunmaqdadır. Sübut kimi iyun ayında 3 yaşlı qızın, avqustun 15-də isə 7 yaşlı oğlanın və onun 6 yaşlı bacısının məhz dilənçilərdən aşkar edilməsi göstərilir. Polis qeyri-hökumət təşkilatlarını, mətbuatı hüquq mühafizə orqanlarının dilənçilərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatlandırmağa, mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırıb. 

Nə düşünürsən?