Bakıda ağac maşınların üstünə aşdı

15.06.2019 | 0 | 0

Bakıda səhər saatlarında hərəkətdə olan və dayanan iki avtomobilin üzərinə ağac aşıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində baş verib. Hadisənin görüntüsü izləyicilər tərəfindən çəkilərək ''Xəzər Xəbər'' in votsap nömrəsinə göndərilib.

Sakinlər deyirlər ki, hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hadisə barədə məlumat verilən kimi Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi hissəsi əraziyə gələrək aşmış ağacı götürüb və avtomobillər oradan çıxarılıb. Daha sonra isə iri ağac gövdələri doğranaraq ərazidən daşınıb və yolda hərəkət bərpa edilib.

Sakinlərin sözlərinə görə, bu küçədə belə qəzalı ağaclar çoxdur və bununla bağlı onlar aidiyyəti qurumlara məlumat veriblər.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Orxan Məmmədov isə açıqlamasında bildirib ki, sözügedən ərazi ilə bağlı onlara müraciət daxil olmayıb. Prosedura görə qəzalı vəziyyətdə olan ağaclarla bağlı rayon icra hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir və yalnız nazirliyin mütəxəssislərinin müvafiq rəyindən sonra Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları qəzalı ağacları kəsə bilərlər.

Nə düşünürsən?
Yüklənir...