Prezident və xanımı Yasamalda ilk DOST mərkəzinin açılışında iştirak etdi

09.05.2019 | 53 | 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından tanış oldular.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.

Qeyd edək ki, ilk DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul edə biləcək. Mərkəz ilkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 100 mindən artıq vətəndaşa "bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək. Mərkəzdə 96 nəfər, "Gənc DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərəcək. Burada "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə”yə müraciət edib və "bir pəncərə”dən faydalanmasına imkan verir. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstəriləcək. Onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi də təmin ediləcək.

Dövlətimizin başçısı və birinci xanım əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə də baxdılar.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Əhalinin sosial müdafiəsi istiqamətində son illər görülən işlərlə bağlı da məlumat verildi.

Qeyd edildi ki, ilin birinci rübündə dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial islahatlar paketinin uğurlu nəticələri kimi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar 3 milyondan artıq vətəndaşın rifahına mühüm dəstək olub. O cümlədən minimum əməkhaqlarının və pensiyanın minimum məbləğinin 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 626 mənzil verilib, 265 nəfər isə avtomobillə təmin olunub. 2019-cu ildə isə azı 800 mənzilin və 600 avtomobilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur. Bildirildi ki, 2019-cu ildə bir neçə reabilitasiya və sosial xidmət müəssisəsi də istifadəyə veriləcək. Ötən il Özünüməşğulluq Proqramından 7267 ailə istifadə edib. Bu il 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulur.

Sonra DOST Agentliyinin E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi barədə videoçarx nümayiş olundu.

Vurğulandı ki, hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir. Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək. "Gənc DOST” könüllülər proqramı hazırlanıb və artıq 50 könüllü işə başlayıb. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlbi də nəzərdə tutulur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və "Gənc DOST” könüllüləri ilə görüşdülər.

Agentliyin işçilərini və "Gənc DOST” könüllülərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. İlk DOST mərkəzi açılır, fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Keçən ilin avqust ayında mənim Sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci mərkəz artıq fəaliyyətə başlayır. Bildiyiniz kimi, Bakıda, bütün bölgələrdə bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var. Bina çox gözəldir, müasirdir, həm xarici görünüşü, həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaqdır.

Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır.

Sosial sahədə bir önəmli təşəbbüs də Özünüməşğulluq Proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var.

Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz.

Sizi bir daha bu gözəl hadisə münasibətilə ürədən təbrik edirəm. Arzu edirəm ki, tezliklə növbəti DOST mərkəzləri yaradılsın. Sağ olun.

Nə düşünürsən?
Yüklənir...