“OPEC+”un iyun iclasından gözləntilər

  • 08.05.2019
  • 0

İyun ayında əməkdaşlıq bəyannaməsi formatında Vyanada “OPEC+”un nazirlər səviyyəsində konfransı keçiriləcək.

İclada ötən dövr ərzində neft bazarında baş verən hadisələr, neft bazarının tənzimlənməsi üçün lazım olan addımlar nazirlər səviyyəsində müzakirə olunacaq.

Bu barədə Energetika naziri Pərviz Şahbazov REAL-a müsahibəsində bildirib.

Nazir iclasda cari ilin ikinci yarısı üçün yeni qərarların qəbulu gözlənildiyini bildirib: "Mövcud bazarda olan vəziyyətdən asılı olaraq, bu və ya digər şəkildə hasilatın artırılması, yaxud azaldılması barədə vaxtaşırı qərarlar qəbul edilir. İyun ayında keçiriləcək iclasda da belə qərarların qəbul edilməsi mümkündür".

O, hazırda dəqiq qərarın nə olacağını deməyin çətin olduğunu bildirib: "Hazırda neft bazarına təsir göstərən bir çox amillər mövcuddur.Fundamental prinsip olan tələb-təklif prinsipi hər zaman işləmir. Bir sıra digər amillər, o cümlədən geosiyasi vəziyyətdən irəli gələn hallar ortaya çıxır. Bunlar hamısı mövcud vəziyyətə təsir göstərir. Venesueladakı vəziyyət, digər mövcud münaqişələr hamısı neft bazarına və neft qiymətlərinə təsini göstərməkdədir".

Yeni qərar qəbul olunarsa Azərbaycanın qoşulub qoşulmayacağına gəlincə isə nazir qeyd edib ki, OPEC+ çərçivəsində əməkdaşlıq, Azərbaycanın bu təşəbbüsə qoşulması son nəticədə ölkə iqtisadiyyatına müsbət təsir göstərir: "Neftin qiyməti stabilləşir. Düşünürəm ki,b iz bu təşəbbüsdə fəaliyyətimizi davam etdirəcəyik. Amma hələ qərar vermək tezdir. Vəziyyətin və qərarın necə olacağını gözləmək və ondan sonra Azərbaycanın qərara qoşulub qoşulmayacağından danışmaq olar".

İrana qarşı sanksiyaların bazara təsirinə gəlincə isə nazir qeyd edib ki, sanksiyaların sərtləşdirilməsi bazarda neft ehtiyatlarının azalması ilə nəticələnəcək: "Ümumilikdə isə prosesə nə cür təsir edəcəyini demək çətindir. Ona görə ki, hazırda dünya iqtisadiyyatının artım tempunun 3,6%-dən 3,1%-ə azaldığını müşahidə edirik. Bundan başqa, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyatları az da olsa artmaqdadır. Bu amilləri də nəzərə almaq lazımdır. Düşünürəm ki, sanksiyalar hazırda bazara radikal təsir göstərməməlidir. Amma bunu vaxt göstərər".

Nə düşünürsən?