74 yaşında elə oxuyurdu ki...

  • 12.04.2019
  • 0

Bu gün görkəmli muğam ustası, xanəndə Seyid Şuşinskinin doğum günüdür. 

Cebhe.info xəbər verir ki, Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olub. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı. Zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə idi. O, bir sıra mübariz ruhlu mahnılar da oxuyub. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.

Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Çahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Osmanı", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub. 

Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.

Görkəmli sənətkar Cabbar Qaryağdıoğlu onu  "Şərq musiqisinin incisi" adlandırmışdı.

Ustad sənətkar 1 noyabr 1965-ci ildə vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

Nə düşünürsən?