Əli Həsənov: Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir

  • 19.03.2019
  • 0

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, dövlət rəsmiləri, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Xezerxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, KİVDF Azərbaycanda kütləvi informasiya vasitələrinin və jurnalistikanın inkişafında önəmli rol oynayıb: "Fond ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib. Bu fondun yaradılması təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. On il bundan qabaq fondun yaradılması ilə bağlı Prezidentin sərəncamı imzalandı. Ondan bir il qabaq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm konsepsiyanın qəbul edilməsi, həm də fondun yaradılması Azərbaycanda dövlətin mediaya qayğısını, dəstəyini sistemləşdirən və vahid konsepsiya ilə həyata keçirən bir mexanizmin yaradılmasını ehtiva edirdi”.

Əli Həsənov bildirib ki, 10 ildir Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə, onların şəxsi və xidməti ehtiyaclarına, o cümlədən KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir və bu prosesdə heç bir qaranlıq məqam yoxdur: "Bu on il müddətində kütləvi informasiya vasitələrinə, jurnalistlərə nə edilibsə, kollegial şəkildə edilib, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi, müsabiqələrdə qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinin tirajına və onların potensialına uyğun illik yardımların paylanması tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib. Prezident İlham Əliyevə Azərbaycan jurnalistlərinin bugünkü məmnunluq nümayiş etdirən münasibəti də ona gətirib çıxarıb ki, neçə ildir davamlı olaraq jurnalistlər İlham Əliyevi özünün dostu seçir. Mən Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm”.

Qeyd edək ki, müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 114-ü mükafatlara layiq görülüb. 

Nə düşünürsən?