Tikinti şirkətləri kirayə yolu ilə evlər sata bilərmi?

10.02.2019 | 34 | 0

İndiyədək dövlət mənzillərin güzəştli şərtlərlə satışı ilə bağlı hansı təcrübədən istifadə edibsə, tikinti şirkətləri də bir növ bunu öz təcrübələrində təkrarlayıblar. Bu isə dövlətin kirayə evlər sosial layihəsinin özəl tikinti şirkətləri tərəfindən də tətbiq edilməsi məsələsini gündəmə gətirir.

Xezerxeber.az-ın məlumatına görə, dövlət sosial ipoteka mexanizminin tətbiqinə başlayanda tikinti şirkətləri də bu prosesə qoşuldu və banklarla əməkdaşlıq şəraitində mənzillərini bu təcrübə əsasında satmaq üçün müəyyən addımlar atdılar. Sonra isə tikinti bazarı iştirakçıları hətta bir az da irəli gedərək daxili kredit sistemlərini qurdular. Belə ki, vətəndaş heç bir vasitəçi olmadan birbaşa tikinti şirkətinin özünə yaxınlaşır, ilkin ödəniş məbləğini ödəyir və yerdə qalan vəsaiti isə razılaşdırılmış qaydada aylıq olaraq ödəməyə başlayır. Yəni aparılan müşahidələr bunu göstərir ki, tikinti şirkətləri dövlətin mənzil satışı ilə bağlı atdığı addımları bir növ öz fəaliyyətlərində təkrarlayırlar.

Bu isə dövlətin sosial layihəsi olan kirayə evlər təcrübəsinin də tikinti şirkətləri tərəfindən təkrarlana biləcəyi məsələsini gündəmə gətirir.

Bəs görəsən tikinti şirkətləri bu təcrübəni istifadə etməkdə maraqlıdırmı?

Əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu metoddan istifadə tikinti şirkətlərinin bir çox problemini həll edə bilər.

Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri mənzilləri sata bilmədiyi üçün çoxsaylı problemlərlə qarşılaşırlar. Odur ki, dövlətin həyata keçirdiyi kirayə evlər layihəsi bu mənada özəl tikinti şirkətləri üçün də yeni bir təkan ola bilər.

Xatırladaq ki, kirayə evlər layihəsi dövlətin sosial proqramı olub, aylıq kirayənin 12 qatı həcmində ilkin ödəniş və bundan sonra aylıq sabit ödəniş etməklə vətəndaşlara mənzil sahibi olmaq imkanı verir.

Nə düşünürsən?