25 yaşlı "ARB Kəpəz”

04.06.2018 | 10 | 0

"ARB Media Qrup”un tərkibinə daxil olan "ARB Kəpəz” televiziyasının fəaliyyətə başlamasından 25 il ötür.

1993-cü ilin yayında regionun "Kəpəz” adlı ilk güzgüsü Gəncədən göstərməyə başladı. O vədədən bu çağa nə az, nə çox 25 il keçib. Amma bu təkcə təqvimin günləri deyil. Əsrin ¼-i qədər yaşı olan "ARB Kəpəz” bir çox ilkləri geridə qoydu.

Regionların sosial, siyasi, iqtisadi, mədəni və idman sahələrində baş verən ən son xəbərləri daha dolğun və daha operativ şəkildə çatdırılmasında "ARB Kəpəz”in xidməti əvəzsiz oldu. Ölkəmizin ikinci böyük şəhəri Gəncəmizdən, geniş miqyasda isə Qərb bölgəsindən xəbər hazırlamağı vətənimiz qarşısında peşə borcumuz hesab etdik. "Gəncə adlı səlnamə” tarixi və silsilə verilişinin istehsalı ilə ilk dəfə olaraq, qədim Gəncənin 44 məhəlləsinin dünəni, bu günü, keçdiyi tarixi yolun videoensiklopediyası hazırlandı.

"ARB Kəpəz” Azərbaycanda avtomatlaşdırılmış teleyayıma keçməklə, daha bir ilkə imza atdı. Regionun ilk görünəni, "Kəpəz FM” radiosu ilə həm də ilk eşidiləni oldu... İlklərlə dalğalanmaqda yenə davam etdik. Televiziyanın ən təqdirəlayiq işlərindən biri də, bu sahədə ilk dəfə olaraq, "ASAN” xidmət könüllüləri ilə əməkdaşlıq oldu. Könüllü gənclərə "Master 1” və "Master 2” layihələri çərçivəsində televiziya dünyası ilə yaxından tanış olmaq, təcrübə keçmək və hətta işlə təmin olunmaq şansı verildi. Bu şansdan yararlananlar isə bu gün artıq əməkdaşlarımızdır.

Bir sözlə, "ARB Kəpəz” sadəcə televiziya olmadı, həm də bu sahənin məktəbinə çevrildi. Hələ də mövqe və hədəf dəyişilməyib. Daha çox göstərmək, daha çox öyrətmək və daha çox öyrənmək. Elə dəyişilməz mövqenin nəticəsidir ki, kiçik bir otaqdan yayıma başlayan televiziyanın bugünki şəraiti ölkənin ən yaxşılarındandır. "Zirvənin fəthi” devizi demək ki, düşərli oldu... Biz ilklərlə dolu 25 illik tarix yazdıq və qarşıdakı yazılacaq tarix də ilklərin məcmusu olacaq...

Nə düşünürsən?