Dəhşətli qətlin üstü açıldı. 19 manata görə qətl törədən şəxslər yaxalandı

  • 14.05.2018
  • 0

19 manat və 2 ədəd mobil telefona görə qətl hadisəsi törədən şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində avtomobilin sükanı arxasında çoxsaylı bıçaq zərbələri ilə törədilmiş qətlin üstü açılıb.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər və planlarını yerinə yetiriblər.

Onlar sürücü Aydın Şıxəliyevi öldürdükdən sonra onun cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nə düşünürsən?