Raket zərbələri zamanı evsiz qalmış şəxslərə yeni evlər verilib

  • 23.03.2021
  • 0

Ermənistanın Gəncə şəhərinə atdıqları raket zərbələri nəticəsində yaşayış evləri dağılmış sakinlərin bir hissəsi Novruz bayramı günlərində yeni mənzillərlə təmin edilib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə  yaradılmış Dövlət Komissiyası tərəfindən ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailə müəyyən edilib.

Həmin binalarda yaşayan 66 ailə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi-272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin edilib.

Mənzillər püşkatma yolu ilə bölüşdürülüb. Püşkatma nəticəsində 66 ailəyə aid 92 mənzilin yeni ünvanı müəyyən edilib və müvafiq sənədləşmə işinin aparılmasına başlanılıb. Novruz bayramı günlərində isə 60 mənzilə dair müvafiq sənədlər və mənzillərin açarları sahiblərinə təqdim edilib. 

Sənədləşmə işi hazırda davam edir. Dağılan evlərdəki əşyaların kompensasiyası olaraq pul vəsaiti də vətəndaşların kartlarına yüklənib.

Nə düşünürsən?