Avqustun 5-də saat 23 radələrində Goranboy rayonu, Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olub. Goranboy Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla cinayətin 1986-cı il təvəllüdlü Qərib Zamanov tərəfindən zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açılaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.