Məktəbli anasına 192 bıçaq vurub

  • 14.11.2023
  • 0

Anasını qətlə yetirməkdə təqsirləndirilən Ziya Mansurovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA məlumat yayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib.

Z.Mansurov bildirib ki, anasının qətlini əvvəlcədən planlaşdırıb: "Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt mənə şillə-təpik zərbələri endirirdi. Buna görə də mən onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürüb onun otağına keçdim, uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ona ard-arda zərbələr endirdim. O yatağından qalxıb məni kənara itələyib, bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqırıb qonaq otağına qovdum. Sonra qapını bağlayıb yenidən həmin otağa qayıdıb yenidən zərbələr endirdim. Anam mənim otağıma qaçanda ona yenidən zərbələr vurdum. Bu vaxt anam qaçıb ayaqyoluna girib qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. O, halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu dəfə onun boynundan zərbələr endirdim. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ki, ölüb. Bacılarımı çağırıb dedim ki, öldürdüm. Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər".

Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib. Təqsirləndirilən şəxsin bacısı Nərmin Mansurova bildirib ki, qan izlərini atasının və polislərin qorxusundan siliblər.

Prokuror bildirib ki, cinayət işi üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac var. Zərərçəkmiş şəxsin vəkili hadisədə şübhəli məqamların olduğunu bildirib və işin yenidən istintaqa qaytarılmasını istəyib: "Cinayət işindən görünür ki, iş ətraflı araşdırılmayıb. Cinayət işində qonşular şahid qismində dindirilməyib. Bu işdə ağırlaşdırıcı məqamlar var, həmin məqamlar araşdırılmayıb. İş istintaqa qaytarılmalı, dəlillər hərtərəfli araşdırılmalı və təqsirləndirilən şəxsə ağırlaşdırıcı maddələr verilməlidir. Qətlə yetirilən şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu işdə şübhəli məqamlar çoxdur".

Müşavirədən sonra prokurorun vəsatəti təmin olunub, iş üzrə əlavə şahidlərin prosesə dəvət olunması barədə qərar qəbul edilib.

Məhkəmə prosesi dekabrın 12-də davam etdiriləcək.