Düzgün dayana bilməyənlər

  • 24.07.2020
  • 0

Paytaxtın yollarında, küçə və prospektlərində kütləvi olaraq sürücülərin dayanma və durma qaydalarını pozmasının şahidi olmuşuq. Bu isə öz növbəsində həm hərəkət edən piyadalara, həm sərnişin daşıyan marşrutlara, həm də hərəkət edən digər nəqliyyat vasitələrinə maneə yaradır. Ümumiyyətlə bütün hərəkət iştirakçıları bundan zərər çəkir. YPX.AZ olaraq əvvəlcə 28 may metrostansiyası ətrafında çəkilişlər etdik. Baxmayaraq ki, ərazidə avtomobillərin dayanması üçün yerüstü parklanma yerləri var, amma ərazidə kütləvi olaraq dayanma və durma qaydalarının pozulmasına, 3.27 yol nişanının tələbinə riayət olunmamasına şahid olduq. Çəkiliş zamanı 99 AA 502 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili avtobuslar üçün nəzərdə tutulan yerdə saxlayıb getdiyini gördük. Bəs görəsən bu cür sürücülər özlərinə "mən avtobusun yerində saxlayıramsa, avtobus harada saxlayacaq?" sualını vermirlərmi? Sürücü avtomobilə yaxınlaşandan sonra əməkdaşımız ondan qayda pozmasının səbəbini soruşmaq istəsə də sürücü suallardan yayınaraq sürüb getdi. 99 UL 554 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də digər hərəkət iştirakçılarına maneə olmasına baxmayaraq avtomobilini dayanma və durmanın qadağan olduğu yerdə saxlayıb gedir. Maraqlısı odur ki, sürücü avtomobili tərk etməmiş əməkdaşımız ona 20-30 metro yaxınlıqda parklanma yeri olduğunu bildirir. Amma görünən odur ki, başqalarına maneə yaratmaq bu sürücünü də narahat etmir və avtomobili elə qadağan olunmuş yerdə saxlamaqla çıxır gedir. 90 LR 090 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə sanki yolun ortasında avtomobilini atıb gedib. Ərazidəki avtobus sürücülərinin də bu barədə fikirlərini öyrəndik. Onlar da öz narazılıqlarını bildirdi, belə sürücülərə görə çətinliklərlə rastlaşdıqlarını dedilər. Daha sonra çəkilişlərimizə Nəriman Nərimanov metrostansiyası ətrafında davam etdik. Elə orada da eyni mənzərənin şahidi olduq. Avtobus dayanacağında iki-üç sıra dayanan taksilər, piyada səkilərində dayanan avtomobillər və s. Görünən odur ki, məsələ ilə köklü həll yolları araşdırılmalıdır. Kütləvi cəzasızlıq isə bunun ən böyük səbəblərindən. Dayanma və durma üçün yer ayrılmayan ərazilərin olması mümkündür, amma yaxınlığında bunun üçün münasib yer ayrıldığı halda yenə də başqalarına maneə yaradan, qaydaları pozan sürücülər varsa deməli bu sürücülər intizamsız olmağa adət ediblər və belə sürücülərə qarşı qanunun tələblərini tətbiq etmək mütləqdir. YPX.AZ olaraq məsələni nəzarətdə saxlayacağıq.

Nə düşünürsən?