Dünya nizamının dəyişməsi, qlobal geosiyası proseslərin cərəyan etməsi, təhlükəsizliklə bağlı məsələlərin ön plana çıxması cavabı mürəkkəb olan çoxlu suallar yaradır. Məhz belə bir vaxtda dünyanın aparıcı media resurslarına müsahibə verən Prezident İlham Əliyev bir sıra qaranlıq məqamlara işıq tutdu. Dövlət başçısı eyni zamanda Ermənistanın ruporu olan, İrəvanın haqsız mövqeyini dəstəkləyənlərin qarşısında da dəmir kimi möhkəm məntiq nümayiş etdirdi. 44 günlük müharibənin həm döyüş, həm də informasiya cəbhəsinin qalibi oldu.
Azərbaycana qarşı söz hücumlarının geniş vüsət aldığı məqamlarda Prezident dünya ilə birbaşa kommunikasiyaya gedir, ölkəmizin, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən haqlı mövqeyini ortaya qoyur. Dünyaca məşhur yevronyuz telekanalına müsahibəni də bu qəbildən hesab etmək olar.
Prezidentin yevronyuz telekanalına müsahibəsinin ən diqqətçəkən məqamı, onun Ermənistandakı və Qarabağdakı ermənilərə yönəlik mesajları oldu. Dövlət Başçısı heç zaman ermənilərə mesaj ünvanlamaq barədə düşünmədiyini, həyatında ilk dəfədir ki, belə bir sualla qarşılaşdığını bildirdi və ilk dəfə qarşılaşdığı sualı cavablandırarkən o, həm də uzun illərdir ermənilərin beynində formalaşdırılmış mifi də darmadağın etdi. Onları reallığı qəbul etməyə, daha pislə normal arasında seçim etməyə çağırdı.
Qeyd edək ki, bundan əvvəl Prezident Şuşada keçirilən Beynəlxalq Media Forumunda da yüzdən artıq xarici media nümayəndəsinin qarşısındakı çıxış edib, Azərbaycan-Ermənistan münasibətlərindən, dünyanın ayrı-ayrı bölgələrində cərəyan edən münaqişələrdən, geosiyasi kataklizmlərdən başlayaraq, enerji təhlükəsizliyinədək ən müxtəlif sualları təkzibolunmaz faktalara istinad etməklə müqayisəli şəkildə cavablandırıb. Dövlət Başçısının regionda və dünyada cərəyan edən prosesləri Azərbaycanın obyektiv, müstəqil baxış bucağından təhlil etməsi isə birbaşa kommunikasiyanın, eləcə də birbaşa kommunikasiyaya getmək bacarığını və cəsarətini göstərən vacib amildir.