Qadın məhkumların bayramı...

  • 06.03.2021
  • 0

Özü məhkum torpağı azad, cinayətkar amma qazi, şəhid anası olanlar
Hər il olduğu kimi bu il də qadın məhkumlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə diqqətdən kənarda qalmadı. Ədliyyə Nazirliyinin təşəbbüsü ilə onlara bu dəfə kosmetoloji xidmət göstərildi.

Yardımın göstərilməsində köməklik edən həkim Sevinc Abdullayevanın sözlərinə görə, artıq 5-ci ildir ki bu addım atılır.

Hər birinin cinayəti fərqli yöndə olsa da taleləri demək olar ki, eynidir. Qara rəng bu qadınlar üçün sadəcə geyim deyil, eyni zamanda həyatlarından keçən bir xəttdir. Məhbəsə doğru uzanan xətt.

Məhbusluq nə yaş, nə də cins tanıyır. Burada hər yaşda cinayətkar dəmir barmaqlıqlar arxasında cəzasını çəkir.

İlk olaraq həbsxananın ən azyaşlı məhkumlarından başlayaq.

19 yaşlı Mustafayeva Gülşənin 3 il 6 aylıq həbs müddəti var. 2 aydır ki, həbsxana həyatı yaşayır.

Həbsxanada ancaq doğmalarını yəni ata və anasını, iki qardaşını düşündüyünü deyən Gülşən həm də idmançıdır.

21 yaşlı Evelina Maqdiyeva isə soyğunçuluq səbəbilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 3 aydır ki, həbsxana həyatı yaşayır.

Həyat onlar üçün ancaq kədərdən ibarət deyil. Bəzən elə hallar olur ki, o kədərə sevinc qonur. Məsələn, artıq məcburi köçkün deyiləm deyən, dələduzluq maddəsi ilə 9 il azadlıqdan məhrum edilən və 7 il 6 aydır ki, məhkum həyatı yaşayan Tahirə Əliyevanın doğulduğu torpaq artıq azaddır. O, bir gün özünün də azad olmasını gözləyir.

Həyat təzadlarla doludur. Bəzən cinayətkar sonradan şəhid anası da olur. Gülbəniz Ələkbərova ölüm faktı ilə 13 il 6 ay azadlıqdan məhrum edilib. Artıq 9 ildir ki, məhkumdur. Məhbəsdə olarkən oğlu Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Elmira İdrisovanın özü 11 ildir ki, azadlıqdan məhrum olsa da, övladı kimlərəsə azadlıq bəxş edib. Oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Bu görüntü isə qadın adını simvolizə edir. Həyatın ən sərt naxışına tuş gələn zərif əllər həmçinin həbsxanada xalça toxuyur, tikiş kimi fərdi işlərlə məşğul olur. Yeganə Rəhimova 10 il müddətinə quldurluq faktı ilə azadlıqdan məhrum edilib. 10 ay sonra azadlığa çıxacaq. O həbsxanada qaldığı müddətdə xalçaçılıq sənətinə yiyələnib və bir çox əl işləri var.

4 ildir məhkumluq həyatını yaşayan Aygün Əliyeva isə quldurluq faktı ilə 8 il azadlıqdan məhrum edilib.

Həbsxanada tikiş işinə yiyələnib.

Qeyd edək ki, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində 286 qadın məhkum var. Müxtəlif cinayətlər amma eyni talelərlə ömürlərini dəmir barmaqlıqlar arasında keçirən bu şəxslərin isə indi bir istəyi var – AZADLIQ.

Nə düşünürsən?