Növbəti "giveaway" saxtakarlığı - Aynişandan

  • 28.04.2021
  • 0

PATRUL.AZ olaraq bu xəbəri izləyən bütün izləyicilərimizdən xahiş edirik ki, son dərəcə diqqətlə baxsınlar. Hətta videonu yükləyib özlərində də saxlaya bilərlər. Çünki bir azdan bu xəbər səhifəmizdən silinə, daha doğrusu sildirilə bilər. Onun da səbəbini sonda bildirəcəyik. 

Bir müddət əvvəl müğənni Aynişan Quliyeva öz "aynikhalid" Instagram sosial şəbəkə hesabında "giveaway" yarışması keçirəcəyini elan etmişdi. Yarışda 5 hədiyyə təqdim olunub. Əsas, beşinci hədiyyə də avtomobil olub. Yarışa ödəniş qarşılığında sponsorlar cəlb olunub. Müəyyən şərtlər daxilində izləyicilər qoşulub. Aynişan Quliyeva sırf bu məqsədlə yarış üçün "ayni_superyarish" səhifəsi açıb. 
Bilməyənlər üçün qısa olaraq bildirək ki, belə yarış yarışı təşkil edən şəxsin öz Instagram səhifəsində açdığı canlı yayın vasitəsilə keçirilir. Təşkilatçının özü, köməkçisi həmin canlı yayını öz telefonunun ekran qeydiyyatçısı vasitəsilə qeydə alır və sonra yarış üçün açılan səhifədə videogörüntü olaraq paylaşılır. Yarışın şərtlərinə uyğun olaraq qoşulan hər bir şəxsin profili siyahı üzrə nömrələnib yazılır, daha sonra "rondom" proqram ilə təsadüfü seçim nəticəsində hər hansı bir iştirakçının sıra nömrəsi seçilir. Lakin bildirək ki, şəffaflıq üçün rondom proqram telefondan silinməlidir, daha sonra yazılmalıdır ki, əvvəldən proqramın yaddaşında heç bir rəqəm qalmamış olsun. 
Aynişan Quliyeva ilk şübhəni elə yarışın əvvəlindən yaradıb. Proqram telefonda əvvəldən olub. Daha sonra isə dörd hədiyyənin qalibi proqramın təsadüfi seçimi nəticəsində elan olunub. Növbə beşinci hədiyyəyə, avtomobilə çatdıqda isə canlı yayım kəsilib, Aynişan xanım bildirib ki, internet kəsildiyinə görə fasilə oldu. Bu fasilə zamanı Aynişan Quliyevanın canlı yayımını qeydə alan köməkçisi kiməsə "hazırlaşsın" mesajı yazıb. Daha sonra isə yazıb ki, "götürməsin birinci". Yəni qalib elan olunan şəxsə zəng gələcək, o isə birinci dəfə telefona cavab verməsin. Guya heç xəbəri yoxdur, çəkiliş təbii alınsın. Bundan sonra isə 17539 sıra nömrəli şəxsin avtomobili qazandığı elan olunub. Halbuki o nömrənin də necə seçildiyi göstərilməyib. Daha sonra Aynişan Quliyeva dırnaq arası qalibə zəng edib və həmin qalib də Aynişan Quliyevanın köməkçisinin tapşırığına uyğun olaraq zəngə cavab verməyib. Daha sonra isə köməkçi həmin şəxsə "yığ" mesajı yazıb. Yəni indi zəng elə, təbii rola gir və danış. Görünən odur ki, videonu paylaşdıqdan sonra Aynişan Quliyeva yazışmanı da paylaşdığının fərqin varıb və o video da daxil olmaqla "ayni_superyarish" səhifəsində olan bütün paylaşımları silib. Bu da 1.2 milyon izləyicisi olan Aynişan Quliyevanın "şəffaf" yarışı. İndi gələk xəbərin əvvəlində qeyd etdiyimiz kimi bu videonun bizim səhifədən də silinə bilinmək ehtimalına. Paylaşdığımız videogörüntülər Ramal İsayevin qeydə aldığı görüntülərdir. Məlum "şəffaf yarış" videosunu Aynişan Quliyeva "ayni_superyarish" səhifəsindən sildikdən sonra Ramal İsayev o videonun bir hissəsini özünə məxsus olan "VineAzerbaijan" səhifəsində paylaşıb. Lakin keçirtdiyi yarışın "şəffaflığından" çoxlarının xəbərdar olacağından narahat olan Aynişan Quliyeva videonun müəllif hüququ kimi şikayət edib və onu "VineAzerbaijan" səhifəsindən də sildirib. Ona görə də bu xəbərin şikayətlə bizim səhifədən də silinmək ehtimalı böyükdür. Əgər bu xəbər şikayətlə bizim səhifədən də sildirilsə yarışın "şəffaflığına" bir daha əmin ola bilərsiniz. Sonda isə bütün sosial şəbəkə istifadəçilərinə və səlahiyyətli orqanlara bildiririk ki, biz bir media şirkəti olaraq dəlillər və faktlarla gücümüz çatanı təqdim etdik. Bu qədər izləyicinin, vətəndaşın, sponsorun aldadılıb-aldadılmamasına hüquqi qiymət vermək isə səlahiyyətli orqanların öhdəliyinə düşür. Ümid edirik ki, onlar da öz öhdəliklərinə düşən işi layiqincə görəcəklər. Biz bir media şirkəti olaraq bizdə olan bütün dəlil və sübutları bu işi araşdıracaq olan rəsmi orqanlara təqdim etməyə hazırıq.

Nə düşünürsən?