▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂
▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬
Ciyər axşamı nədir?
"Azərbaycan" qəzetində dərc olunmuş "Oxucu məktubları"ndan birində belə bir fikir ifadə olunub ki, "Ciyər axşamlarını keçirməkdən imtina edilsin".
Milli toy adətlərimizin təhrif olunaraq, bayağılaşdırıldığı bir dövrdə belə təşəbbüslərin olması əslində çox normaldır. Çünki insanlarımızın da çox hissəsi bayağılaşıb... Milli kimliyimizin formalaşmasında böyük əhəmiyyəti olan ənənələrimizin dəyərli hissələrinin bayağılaşdırılaraq məhv edilməsi, düşünürəm ki, sədəcə toplum olaraq məhv edilməyimizə xidmət edir...
Ciyər axşamı milli toy adətlərimizin ən gözəllərindən biridir. Nəyə görə ondan imtina edilsin ki? Ciyər axşamı toplum olaraq yardımlaşmağımızın da ən gözəl nümunələrindəndir. Vegetarianlar istisna olmaqla digərlərinin bu ənənəyə qarşı çıxmaları doğru hesab oluna bilməz.
Əslində isə "Azərbaycan" qəzetində dərc olunmuş məktubda qeyd olunan misalların ciyər axşamına heç bir aidiyyatı yoxdur. Belə görünür ki, həmin məktubu yazan adam ciyər axşamının əsl mahiyyətindən məlumatlı deyildir.
Bəs nədir ciyər axşamı?
Qeyd edim ki, ciyər axşamı toylarımızın təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir - bu zəhmətkeş insanların yardımlaşma mərasimi və çəkdikləri əziyyətin ilk bəhrəsini gördükləri məclisdir. Bəzi yerlərdə ona “toy axşamı” da deyirlər.
Ciyər axşamına əsasən rayonlarımızda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur.
Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır. Həmçinin, toyda veriləcək içkilər də ciyər axşamında yoxlanılaraq, dadına baxılır.
Toy üçün hazırlanmış ətin saxlanılma şəraitindən asılı olaraq, ciyər axşamı səhərə qədər də davam edə bilər. Bu zaman əsas məsul şəxslər ciyər axşamında iştirak edən cavanlar olur. Onlar gecə səhərə qədər domino, nərd, kart və ya başqa oyunlar oynayaraq başlarını qatırlar. Bu da toy ətinin toy üçün qurulmuş mağarda saxlanıldığı halda olur. Çünki gecə vaxtı mağardakı əti itdən-pişikdən, kəndin ətrafında olan vəhşi heyvanlardan qorumaq lazım gəlir ki, bu da cavanların həmin ərazidə səhərə qədər oyaq qalmalarını zəruri edir. Kəsilmiş heyvanların baş-ayağından gecə səhərə qədər bişirilmiş xaş ilə sübh tezdən onlara qonaqlıq verilir. Bu kəllə-paça süfrəsində həmin cavanlarla yanaşı ciyər axşamının digər iştirakçıları da istəsələr iştirak edə bilərlər.
Kimlərsə ciyər axşamını lotu-potu məclisinə çevirirsə, bu artıq ciyər axşamı deyil!
Belə bir gözəl ənənədən imtina etmək yox, onu bərpa edərək, qorumaq lazımdır!
Musiqi: That Night in Your Car NEW 3:24 Spazz Cardigan Pop | Sakin