Ənvər Çingizoğlu kim idi? Vətənimiz üçün ən dəyərli, ən məhsuldar insanlardan biri - yazıçı, publisist, geneoloq, "Qızıl qələm" mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu vəfat edib. Onunla vikipediyada fəaliyyət göstərdiyim ilk vaxtlardan tanış idim. Feysbukda da ən yaxşı dostlarımdan biri idi... Əslən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndindən olan Ənvər Çingiz oğlu Fərəcov 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. 1969–1977-ci illərdə, 8-ci sinfə qədər Cəbrayıl rayonu Xələfli kənd məktəbində, daha sonra isə - 1977–1980-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb. 1980–1982-ci illərdə Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb. 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində işləyib. 2014-cü ilin mart ayından "Azərbaycantelefilm"in Baş redaktor müavini idi. O, həm də "Soy" dərgisinin baş redaktoru idi. Ənvər müəllim jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdən idi. O, həyatı boyu tarix, folklor, etnoqrafik, bioqrafik, genaoloji və başqa mövzularda tədqiqatlar aparmışdır. Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifi idi. Mütəmadi olaraq Azərbaycanda və xaricdə keçirilən nüfuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş və bir sıra beynəlxalq elmi məclislərdə məruzələrlə çıxış etmişdir. Müxtəlif konfrans, simpozium materiallarında, dərgilərdə, məcmuələrdə və qəzet səhifələrində onun 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür. Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", "Xurşidbanu Natəvan", "Nəvvab", "Kəminə" adlı televiziya filmləri çəkilib. Onun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənmişdir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir. Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf etmişdir. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnoqrafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır. Müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Ənvər Çingizoğlu elmi-tədqiqat fəaliyyətini başlıca olaraq iki istiqamətdə - Azərbaycan xalqının soy-kökünün araşdırılması və Azərbaycan xanlıqları tarixinin tədqiqi istiqamətlərində aparmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli Sərəncamı ilə ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir. Ənvər müəllimin doğmalarına, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət etsin! Ruhu şad olsun! Foto: https://commons.wikimedia.org/wiki/Category:%C6%8Fnv%C9%99r_%C3%87ingizo%C4%9Flu Musiqi: Elegy Sinematik Kədərli Wayne Jones 2:07 Bloqumu da oxuya bilərsiniz: https://tarkhanpashazade.blogspot.com/ TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Musiqi: YouTube Library