"Xəzər günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ictimai qurumların iştirakı ilə Azərbaycanda sahilboyu ərazilərin təmizlənməsinə başlanılıb. Bu proses Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağını əhatə edəcək. XəzərXəbər xəbər verir ki, belə tədbirlərdən biri bu gün Buzovna çimərliyinin dəniz sahili ərazisində olub. Karantin rejiminin qaydalarına əməl olunmaqla təşkil edilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskas, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və ekokönüllülər iştirak ediblər.