Rusiya “Taxıl Dəhlizi“ anlaşmasına qayıdıb

  • 02.11.2022
  • 0

Rusiya Taxıl Dəhlizi anlaşmasında iştirakını bərpa etdi. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat yayılıb. Nairlikdən bildirilib ki, Ukrayna Moskvaya qarşı döyüş əməliyyatlarında taxıl dəhlizini istifadə etməyəcəyi barədə yazılı zəmanət verib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı İqor Konaşenkov bildirib ki, bu, Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin vasitəçiliyi sayəsində baş tutub.Moskvanın bu anlaşmanı tərk etməsi barədə açıqlama oktyabrın 29-da yayılmışdı. Rusiya Müdafiə Nazirliyindən bildirilmişdi ki, Ukrayna taxıl daşıyan gəmilərdən hərbi dronlar üçün istifadə edir.

Moskva bəyan edib ki, belə dronlardan biri Sevostopol körfəzindəki hərbi gəmilərə hücum edib. Bu bəyanatdan sonra buğdanın qiyməti ilə bağlı son aylarda birjalarda müşahidə edilən ucuzlaşma meyli dayanıb və qiymət yenidən qalxıb.

Əgər oktybarın 28-də Nyu-York birjasında buğdanın 100 buşelinin qiyməti 830 sentə bərabər olubsa, sonrakı iki gün ərzində qiymət bahalaşıb və noyabrın 1-də artıq qiymət 880 sentə qalxıb. Yəni iki gün ərzində buğdanın qiyməti 6 faiz bahalaşaraq, ton üçün 323,4 dollara qalxıb.

Bu, beynəlxalq qurumların buğdanın qiymətinin yaxın illərdə ucuzlaşacağı barədə daha öncə verdikləri proqnozlara uyğun gəlməyib. Məsələn, Dünya Bankı bəyanat vermişdi ki, 2024-cü ilə qədər buğdanın dünya bazarlarındakı orta qiyməti 6 faiz azalacaq.

Rusiyanın bəyanatına baxmayaraq, taxıl dəhlizinin digər iştirakçıları - Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı taxıl dəhlizi ilə bağlı öz funksiyalarına davam etdiriblər. Məsələn, oktyabrın 31-də Ukraynanın Odessa, Çernomorsk və Yujnaya limanlarından Afrika, Asiya və Avropa istiqamətlərində 12 gəmi çıxıb. Gəmilərdən biri aclıq ərəfəsində olan Efiopiya üçün Birləşmiş Millətlər Təşkilatının himayəsi altında ərzaq aparıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın açıqlamalarına baxmayaraq, taxıl dəhlizinin öz işin normal davam etdirməsi üçün əlindən gələni edəcəyini bildirib.

Nə düşünürsən?