Ramin Hacılı kimdir?
Ramin Rasim oğlu Hacılı 02.09.1983-cü ildə Füzulinin Arayatılı kəndində anadan olub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakıya köçərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə başa vurub. 2002-2006-cı illərdə ADİU-nun Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Daha sonra isə Türkiyənin İstanbul Univeristetində beynəlxalq münasibətlər ixtisası üzrə, ABŞ-da liderlik proqramı üzrə və Maltada ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb.
9 oktyabr 2014-cü ildə şairə-publisist Aysel Əlizadə ilə ailə həyatı qurub.
2002-2004-cü illərdə Rəsulzadə-Elçibəy Ocağında sədr müavini, 2005-2006-cı illərdə isə Dalğa Gənclər Hərəkatının həmtəsisçisi və ilk sədri olub. 2006-cı ildə konfliktologiya üzrə xüsusi təlim alıb. 2006-2007-ci illərdə ABŞ-ın Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə keçirilən “SAĞLAM TƏHSİL” kampaniyasına rəhbərlik edib. 2006-nın sentyabrın 17-dən 2010-nun dekabr ayınadək nəşr olunan “Alma” qəzetinin ideya müəllifi və koordinatoru olub. 2007-2008-ci illərdə Dalğa GH-nın təsis etdiyi “Azərbaycan Demokratiya Məktəbi”nin direktoru, 2008-2013-cü illərdə isə həmin məktəbin təlimçisi kimi fəaliyyət göstərib. 2008-2010-cu illərdə ABŞ Demokratiyaya Yardım Fondunun dəstəyi ilə fəaliyyət göstərən “Demokratiya Akademiyası”nın prezidenti vəzifəsini icra edib. 2006-2013-cü illərdə Demokratik İslahatlar Partiyası GT sədri və partiyanın Siyasi Şurasının üzvü olub. 2009-cu ildə Bursada Türkiyə və Ermənistan milliləri arasında keçirilən futbol matçında qadağaya baxmayaraq, Azərbaycan bayrağını stadiona keçirə bilib və Ermənistan prezidenti Serj Sərkisyanın önündə açıb; Bursa polisi tərəfindən saxlanılaraq, barəsində araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb. 2010-cu ilin aprel-may aylarında ABŞ Dövlət Departamentinin "Beynəlxalq Qonaqlar üçün Liderlik Proqramı” çərçivəsində ABŞ-ın bir çox ştatında təlim keçərək sertifikat alıb; elə həmin il Bakıda iki günlük səfərdə olan ABŞ Dövlət Katibi Hillari Kilintonla görüşüb. 2011-ci ildə yaradılan “Üçüncü GƏLƏCƏK” jurnalının təsisçisi və baş redaktoru olub. 17 fevral 2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının prezidenti seçilib. 2012-ci ildə ATƏT layihəsinin koordinatoru olub. 2012-ci ildə BAO İH üzvü seçilib. 2013-2014-cü illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyi İH üzvü olub. 2013-cü ildə BAH-ın təşəbbüsü ilə Azərbaycan təmsilçisi kimi İrəvanda səfərdə olub. 2014-cü ildə TEDx spikeri kimi çıxış edib. 2014-2017-ci illərdə Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini vəzifəsində çalışıb. 2014-2015 tədris ilində ADA Universitetində AB tarixindən dərs deyib. 2016-cı ilin fevral ayında Fransa Xarici İşlər Nazirliyinin dəvəti ilə Parisdə işgüzar səfərdə olub. 2016-2017-ci illərdə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Diqqət Azərbaycana!” və “Azərbaycanı dünyada necə tanıtmalı?” layihələrinə rəhbərlik edib; AAH təşəbbüsü ilə nəşr olunan “Azərbaycanı dünyada necə tanıtmalı?” jurnallarının tərtibatçısı olub. 2016-cı ilin oktyabrında “Azərbaycanın Müstəqillik Günü” tədbirlərini təşkil etmək üçün ABŞ-a səfər edib. 2016-2018-ci illərdə təhsil və turizm sahəsində fəaliyyət göstərən “No Border” Holdinqində icraçı direktor, “ELEND” İntellektual Turizm Şirkətində konsultant, “EduTimes” Xaricdə Təhsil Agentliyində ekspert vəzifələrində çalışıb. 2017-ci ilin yanvarında Azərbaycan DİN-in BMCMİ tərəfindən başladılan “cinayət işi”nə görə 4 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Ramin Hacılının barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması (şərti cəza) hökmü çıxarıb. 2017-ci ilin mart ayının 31-də ailəsi ilə birlikdə yaşadığı ev müəmmalı şəkildə yanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin 4 iyun tarixinə qədər AB dəstəyi ilə həyata keçirilən “Qız övladlarına qarşı ayrı-seçkiliyin aradan qaldırılması” layihəsinə rəhbərlik edib. 4 iyun 2018-ci il tarixindən 14 mart 2019-cu ilədək 9 ay 10 gün Azərbaycan DSX-nin başlatdığı və DİN-in BMCMİ-nin davam etdirdiyi “cinayət işi” səbəbindən həbsdə saxlanılıb. 11 may 2019-cu ildə ”Biz Qarabağı istəyirik!” kompaniyasını başladıb və 8 iyun tarixinin Qarabağ Günü kimi qeyd olunması ideyasını irəli sürüb. 5 iyun tarixindən təkbaşına piyada Bakıdan yola çıxaraq Horadizə “barış üçün piyada yürüş” edib.
ARMM-ya keçirilən seçkilərdə 2010-cu ildə Bakının Nizami rayonundan 24 saylı Nizami I seçki dairəsi üzrə, 2015-ci ildə isə Bakının Nərimanov rayonundan 19 saylı Nərimanov I seçki dairəsi üzrə deputatlığa namizəd olub.
Onun yeni layihəsi təsis etdiyi “Red Fact” adlı internet televiziyasıdır. O, həmçinin hazırda ictimai-siyasi yazılardan və hekayələrdən ibarət kitab üzərində işləyir…
Musiqilər: Interchange və Tropic / Public Memory; Wedding Invitation / Jason Farnham; Natural / Endless