AZ
Video yüklə

Netanyahu: "İsrail nə etdiyinizi, harada etdiyinizi bilir"

5 baxış Son xəbərlər
İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında, Nyu-Yorkda çıxış edərkən belə deyib.
Milli.Az CNN-ə istinadən bildirir ki, Netanyahunun dediyinə görə, İranın paytaxtında tonlarla nüvə materialı və avadanlığın gizlədildiyi iki gizli obyekt var.
"Bu gün sizə Beynəlxalq Nüvə Energetikası Agentliyi və bir sıra ölkələrin kəşfiyyat strukturları ilə bölüşdüyümüz bəzi məlumatları təqdim edəcəyəm. Bu materiallar barədə indiyədək geniş açıqlama verilməyib. İlk dəfədir deyirəm: İranın Tehranda ikinci gizli nüvə obyekti var. BNEA-nı Turquzabaddakı bu obyekti dərhal təftiş etməyə çağırıram", - Netanyahu söyləyib.
Daha sonra İsrailin baş naziri bəhs etdiyi obyektlərin peyk vasitəsilə çəkilmiş fotolarını, xəritələri göstərib.
O xatırladıb ki, apreldə bir neçə ton ağırlığında sənədləri dünya birliyinə təqdim edib. Həmin sənədləri İsrail kəşfiyyatı İranda aşkarlayıb.
"Biz İranın nüvə arxivini ələ keçirəndən sonra iranlılar dəlilləri gizlətmək üçün nüvə anbarlarını təmizləyirlər. Sadəcə, ötən ayda onlar 15 kq ağırlığında nüvə materiallarını gizlədiblər. Heç bilirsiniz onlar nə ediblər?! Onlar iz itirmək üçün materialları Tehrandakı gizli obyektlərə paylaşdırıblar", - Netanyahu deyib.
Netanyahunun dediyinə görə, İsrail bundan sonra da Suriyada, Livanda, İraqda və dünyanın istənilən yerində İrana qarşı əməliyyatları davam etdirəcək.
"İsrailin məhvinə çağıran İran rejiminin nüvə silahı əldə etməsinə İsrail imkan verməyəcək - nə indi, nə 10 il sonra, nə də nə zamansa... İrana üzümü tutub deyirəm: İsrail nə etdiyinizi və harada etdiyinizi bilir", - Binyamin Netanyahu söyləyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.