İlham Əliyevin ad günüdür

  • 24.12.2018
  • 0

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 57 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir:

 

Ordenlər

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

 

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

 

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Nə düşünürsən?