Bu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb

  • 27.09.2019
  • 0

Bu ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb. Səkkiz ayda "Azexport.az” portalına 399 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə sentyabrın 27-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı”nın sentyabr sayına dair keçirilən mətbuat konfransda İİTKM-in departament rəhbəri Ramil Hüseyn deyib.


O bildirib ki, yanvar-avqust ayları ərzində ölkənin ixracının dəyəri 13,5 milyard dollar təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon dollar və ya 5 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon dollarlıq ixrac həyata keçirilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon dollar və ya 17 faiz artıb. Bu ilin yanvar-avqust aylarında Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.


Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz, İsveçrəyə 21 faiz, Gürcüstana 25 faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda, qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən məhsulların payı üstünlük təşkil edib.

Yanvar-avqust aylarında "Azərkosmos” ASC tərəfindən 23 ölkəyə 28 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.


Hesabata görə, "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Avqustda isə ASC 18 ölkəyə 2,5 milyon dollarlıq xidmət ixrac edib. "Azərkosmos”un bu ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, Birləşmiş Ərəb Əmirliyi olub.

Nə düşünürsən?