Azərbaycanda bu ilin iyul-avqust aylarında quraqlıq olacaq. Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirib ki, sözügedən təbii proses ilk deyil və təkcə Azərbaycanda yox, bütün dünyada gözlənilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir. Bölgədə əsas kənd təsərrüfatı rayonları yerləşdiyindən, təbiət hadisəsi ilk növbədə kənd təsərrüfatına ziyan vuracaq. Ona görə də meyvə-tərəvəz məhsullarının az olacağı proqnozlaşdırılır. Kür çayında suyun azalması vəziyyəti daha da dərinləşdirir. Məhərrəm Həsənov əlavə edib ki, qısa zaman kəsiyində bu problemi tam aradan qaldırmaq olduqca çətindir. Belə vəziyyət bir neçə il davam edərsə, müəyyən çıxış yolu tapmaq mümkündür. Yay aylarında müşahidə ediləcək yüksək temperatur və quraqlığın insan sağlamlığına mənfi təsiri var. Xüsusilə də meteohəssas insanlara qeyd edilən müddətdə daha ehtiyatlı olmaq, açıq havaya çıxmamaq tövsiyə edilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: