"Çelsi" və "Arsenal" komandalarının Bakıda London derbisində üz-üzə gəldikləri UEFA Avropa Liqasının final matçından sonra keçirilən mətbuat konfranslarından birində maraqlı hal baş verib.
Belə ki, “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri fikirlərini bildirərkən akkreditasiya vəsiqəsi olmadan konfrans zalına necəsə daxil ola bilmiş Ramiq Muxtar adlı azərbaycanlı şair-dramaturq əlini uzadaraq söz istəyib. Lakin UEFA-nın nümayəndəsi ona sual vermək üçün imkan yaratmayıb. Ancaq şair Ramiq Muxtar ayağa qalxaraq əlindəki faylları Sarriyə təqdim etmək istədiyini bildirsə də, UEFA mühafizəçilərindən biri buna da imkan verməyib. O, isə əlindəki faylda mahnı sözləri olduğunu və onu “Çelsi”nin baş məşqçisinə təqdim etmək istədiyini bildirib. Mətbuat konfransı bitdikdən sonra “Çelsi”nin baş məşqçisi faylı Ramiq Muxtardan alıb və ona təşəkkürünü bildirib. O da məlum olub ki, şair “Arsenal” üçün də mahnı sözləri yazıbmış.
Bəs Ramiq Muxtarın kim olduğunu bilirsinizmi?
Nağıyev Ramiq Muxtar oğlu 5 sentyabr 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 11 yaşından yaradıcılıqla məşğul olan Ramiq Muxtarın şeirləri dövri mətbuatda tez-tez çap olunub.
O, 1980-ci ildən şair-dramaturq kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
7 dram əsəri - "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Doğma səmanın ulduzları" və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Qazax, Ağdam Dövlət Dram teatrlarında tamaşaya qoyulmuş, sözlərinə 120-dən artıq mahnı bəstələnmişdir.
"Şeyx Sənan", "Ölüm tanqosu" və "Balet liberretoları"nın müəllifidir, seçilmiş əsərləri çap olunub.
Hərbi vətənpərvərlik mövzusundakı müsabiqələrdə onun sözlərinə bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb.
O, Heydər Əliyevin şəxsi tapşırığı ilə "Dünya Azərbaycanlılarının Birlik Nəğməsi"ni bəstəkar Nəriman Məmmədovla birlikdə yazmışdır.
Həmçinin, o, Azərbaycan jurnalistlərinin himnini də bəstəkar Eldar Mansurovla birlikdə yazmışdır.
Ramiq Muxtar gürcü-Azərbaycan xalqlarının dostluğundan bəhs edən "Şəhərli kürəkən" pyesinə görə Gürcüstan Respublikasının ali mükafatı olan “Şərəf” ordeninə layiq görülüb. O, həm də Rəsul Rza adına Beynəlxalq Mükafatın sahibidir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Təqaüdünün yarısını imkansız insanların ünvanına keçirən Ramiq Muxtarın 2 övladı hərbçi-zabit olmuş müharibə veteranlarıdır.
"Tarpas"