Əkiz bacılar, Sevil və Sevinc müğənni Elnarə Xəlilovanın "5-də 5" verilişini baykot etmək çağırışına cavab verib. Oxu.Az Goldnews.az-a istinadla xəbər verir ki, Sevinc boykota qoşulan müğənnilərin "Xəzər TV"-yə girişi qadağan edildiyindən bu cür addım atdıqlarını bildirib: "Siz elə həmişə "Xəzər"in qapısına möhtac qalacaqsınız. Sizin sənətiniz olsaydı, "5-də 5" verilişinə gələ bilərdiniz. Yuyulmamış çömçə kimi hər qalmaqalda peyda olursunuz. Elə siz "Xəzər TV"-nin qapısına həsrət qalacaqsınız", - deyə Sevinc cavabında bildirib. Qeyd edək ki, ötən gün müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın "5-də 5” verilişini boykot etməyə çağırıb. Şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib. O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedirtmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb. "Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə oynadınız. Bəsdir bu millətin tərbiyəsini pozdunuz”, - deyə mövqe sərgiləyən müğənni bu süjeti əxlaqsızlıq hesab edib: "Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil?” Daha sonra Elnarə Xəlilova sənətçiləri Zauru boykota dəvət edib: "Bütün sənət adamlarından xahiş edirəm, səsimə səs versinlər. Belə verilişi boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən…”