Türkiyə Super Liqasının 6-cı turunda keçirilən "Beşiktaş" "Adana Dəmirspor"la qarşılaşıb.
Görüş 3:3 hesabı ilə başa çatıb. Matçda maraqlı hadisə yaşanıb. Qonaqların hücumçusu Mario Balotelli 79-cu dəqiqədə qol vurduqdan sonra etdiyi hərəkətlə diqqət çəkib. "Super Mario" rəqib komandanın baş məşqçisi Sərgən Yalçına tərəf qaçıb və beyninin olduğunu nümayiş etdirən jest edib. İtaliyalı futbolçunun bu hərəkətindən sonra ara qarışıb və hücumçuya sarı vərəqə göstərilib.
Balotellinin bu jestinin səbəbi bəlli olub. 2013-cü ildə Sərgən Yalçın qatıldığı verilişlərin birində Mario Balotellinin beyinsiz olduğunu və komandasında belə bir futbolçunu görmək istəmədiyini bildirmişdi. Uzun illərdən sonra Balotelli mütəxəssisin cavabını vurduğu qolla verib.