Göyçay rayonu Kürdəmiş kəndindəki soyuducu anbara qanunsuz daxil olan naməlum şəxs üzərində olan ov tüfəngindən havaya atəş açıb və obyektin mühafizəçilərinə hədə-qorxu gəlib. Hadisə ilə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin rayonun Bığır kənd sakini Elvin Rəşidov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı Elvin Rəşidovdan narkotik vasitə olan tiryək və soyuq silah hesab edilən bıçaq da aşkarlanıb. Davam etdirilən tədbirlərlə Elvin Rəşidovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə hadisə zamanı istifadə etdiyi, qanunsuz olaraq saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
REAL