ABŞ-ın Ohayo ştatında polis əməkdaşı öz həmkarını yaralayıb. APA TV "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə iki polisin şübhəli şəxsi zərərsizləşdirməyə çalışdığı vaxt baş verib. Məlumata görə, həmin polis əməkdaşları Riversayd bölgəsində bir ailədə baş vermiş münaqişə ilə əlaqədar çağırışla əraziyə gəlib. Bu vaxt şübhəli bilinən 22 yaşlı Kristofer MakKlinton şəxsiyyətini təsdiq edən sənəd göstərməkdən boyun qaçırıb və avtomobilindən düşməyib. Polis əməkdaşları həmin gənci avtomobildən düşürməyə çalışdığı zaman onlardan biri elektroşokerdən istifadə edib və nəticədə silahın elektrik çubuqlarından biri digər polis əməkdaşına dəyib. Travma alan polis əməkdaşı sonradan xəstəxanaya aparılıb. Polis hazırda fakt üzrə əlavə araşdırmalar aparır.