Bakının Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1997-ci il təvəllüdlü Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən düşərək ölüb.
Aytən Niftəliyevanın anası Mehriban Süleymanova və qardaşı İlkin Süleymanov APA TV-yə müraciət edərək bildirib ki, hadisə avqustun 30-da baş verib. Aytən Niftəliyeva ilə həyat yoldaşı Rəhman Niftəliyev arasında mübahisə yaranıb. Bu zamanı Rəhman Niftəliyev həyat yoldaşını döyüb.
- Evdə idim kürəkənim tərəfindən zəng gəldi dedi, gəl qızını apar boşayıram. Mən də kürəkənimin atasına zəng elədim. Sonra qızımın qaynanası zəng edib məni təhqir elədi. Mən də mindim taksiyə ki gəlirəm. Mən gedib ora çatana kimi zəng elədilər ki, qız özünü atıb.
Yaxınlarının sözlərinə görə, təcili əməliyyat edilən Aytən ayıldıqdan sonra özünü və uşağını atmadığını, əksinə olanlara səbəbkar kimi həyat yoldaşı Rəhman Niftəliyevin olduğunu bildirib.
- Aytən ayılıb mənə dedi ki, aramızda münaqişə baş verdi. Qaynanası ilə əlbəyaxa davaları olub. Sonra yoldaşı onu döyüb. Bu da uşağı ilə dama çıxıb. Uşağı Aytənin əlindən almaq istəyəndə uşaq yerə düşüb. Bu zaman Aytən əyiləndə onu arxadan itələyib. Binadan sallanaraq qalan Aytən ərindən kömək etməsinə yalvarıb, amma ona kömək edən olmayıb.
- Aytən evdən çıxmaq istəyirdi. Aytəni qaynanası və əri möhkəm döyüb. O da uşağı götürüb evdən qaçmaq istəyib. O zaman qapı bağlı olduğundan o da uşağı götürüb dama çıxıb. 15 metr hündürdür ora. Uşağı bu tərəfə itələyib, Aytəni də o tərəfə. Aytənə kömək edə bilərdi amma etməyib. Aytənin qolunun altı bütün qan idi. Damarı partlayıb. Əridə baxıb zövq alıb”.
Aytən Nifətəliyevanın qardaşı İlkin Süleymanov deyir ki, hadisədən sonra 1 yaşlı körpə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aytən Niftəliyeva isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunsa da, yaralı bu gün səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı hadisənin baş verdiyi ünvana yollandıq. Burada bizi Aytən Niftəliyevanın həyat yoldaşı Rəhman Niftəliyev qarşıladı.
Aytən Niftəliyevanın yaxınları tərəfindən təqsirləndirilən İlqar Niftəliyev və Təranə Niftəliyeva isə qapı arxasından məlumat vermək istəmədiklərini bildirdilər.
Hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib, araşdırma davam edir.
Qeyd edək ki, ana və uşağın ölümü ilə bağlı Ombudsman Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də hadisə pislənilib və araşdırma aparıldığı bildirilib.