Abşeronda misli görünməmiş dələduzluğun üstü açılıb. “Giləzi“ quşçuluq fabrikində daşıyıcı işləyən şəxsin minlərlə vaxtı keçmiş yumurtanı yeniləri ilə qarışdıraraq satışa çıxardığı məlum olub. Əməliyyatı Abşeron rayon Polis İdarəsi və Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları birgə keçiriblər. İşin təşkçilatçısı Kamil Teymurov Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayələdiyi evdə mağazalardan geri qaytarılan, vaxtı keçmiş yumurtaları yenidən bərpa edərək, şirkətə məxsus yük avtomobili ilə dostu Malik Qasımovla birlikdə yenidən mağazalara daşıyıb. Beləliklə, 84 qutu, hər birində 360 ədəd yumurta olmaqla ümumi sayı 32400 olan yararsız yumurta aşkar edilərək götürülüb. Saxlanılan şəxs bu işi şirkətin tapşırığı ilə etsə də, sözügedən şirkət Xırdalan şəhərindəki mənzildən xəbərsiz olduğunu bildirib. K.Teymurov saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.