"İnstagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub. Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.