Bakı Apellyasiya Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib, Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.