Gecə saatlarında Abşeron rayonunun Mehdiabad qəsəbəsində gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb. APA TV xəbər verir ki, hadisə Şıxəli Qurbanov küçəsində, Yeni məhəllə adlanan ərazidə baş verib. Məlumata görə, bıçaq xəsarəti alan 1990-cı il təvəllüdlü Əhmədov Hikmət Hakim oğlu özü də həmin ünvanda yaşayır. O, qonşuluqda yaşayan Murad adlı bir şəxslə mübahisə edib. Sonradan əlbəyaxa davaya çevrilən mübahisə nəticəsində Hikmət bıçaqlanıb. 1 saylı Xəstəxanaya yerləşdirilən 27 yaşlı Hikmətin vəziyyəti orta ağır olaraq qalır. Yaxınlarının sözlərinə görə, hadisə zamanı onun bütün üst-başı palçıq olub. Buna görə də ailəsi onun əvvəlcədən döyüldüyünü də iddia edir. Faktla bağlı rayon polisi tərəfindən araşdırma aparılır.