Abşeron polisi mənzilləri qarət edən şəxsi ifşa edib. Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonunda baş verib. Bir neçə Saray qəsəbə sakini rayon polis idarəsinə məlumat verib ki, evdə olmadıqları vaxt mənzillərindən pul, qızıl və məişət əşyası oğurlanıb. İdarənin Cinayət-Axtarış Şöbəsinin məkdaşları dərhal əməliyyata başlayıblar. Çox çəkməyib ki, hadisələri törətməkdə şübhəli bilinən əvvəllər 3 dəfə məhkum edilmiş Ruslan Mansurov saxlanılıb. İdarədə dindirilərkən o, Saray qəsəbəsində törətdiyi cinayəti etiraf edib. Ruslan Mansurovun ətrafında araşdırma aparılarkən müəyyən olub ki, o Saraydan başqa, Masazır və Nübar qəsəbələrində də bir neçə fərdi yaşayış evindən oğurluq edib. Həmin qəsəbələrdə evlərdən kombi istilik aparatı, soyuducu mühərriki və elektrik naqillərini oğurlamaqla ümumilikdə 20 nəfərdən çox adama maddi ziyn vurub. Rayon polis idarəsinin əməliyyatçıları bundan başqa Saray qəsəbəsində yerləşən ''Zoo'' mağazasından oğurluq edən şəxsləri də tutub. Elçin Tağıyev, Samir Babayev və Məhəmmədəli Həsənov əlbir olub qrup şəklində həmin mağazaya daxil olublar. Onlardan ikisi mağazaya girib, bir nəfər isə kənarda gözətçilik edib. Mağazadan xeyli heyvan yemi və bahalı quş oğurlayıblar. Hər iki faktla bağlı rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.